Ermənistanın yeni təxribat ssenarisi: "hava limanı şousu" və "yeni Lavrov planı"


Kamal Adıgözəlov

Ermənistan hakimiyyəti Azərbaycan diplomatiyasından dalbadal sarsıdıcı zərbələr aldıqdan sonra yeni addımlar atmağa çalışır. Ekspertlər "yeni Lavrov planı"ndan danışırlar. Nikol Paşinyan kiçik təyyarə ilə Qafana uçuş edir. Orada təhlükəsizlik orqanının binasında tualetə su buraxır. Sonra başqa bir erməni məmur buna oxşar şounu təkrar edir. Bunların fonunda "humanitar böhran" teatrı passiv səhnədə qalır. Ermənistanın havadarları əvvəlki oyunlarını davam etdirirlər. Bütün bunlara Azərbaycan təmkinlə reaksiya verir və öz suveren hüququnu təmin etmək üçün lazım olan addımları atır. Vurğuladığımız məqamların prizmasından Cənubi Qafqazda baş verən son hadisələr üzərində geniş dayanmağa ehtiyac duyuruq.

Məğlubiyyətdən sonra: yeni məğlubiyyət mərhələsinə keçən ermənilər

Təbii ki, siyasətdə də möcüzə baş verə bilər. Məsələn, günlərin bir günü erməni siyasətçilər beynəlxalq hüququn və ya başqasının təbii hüququnun nə olduğunu anlaya bilərlər. Və ya bir də baxdın ki, hansısa rus siyasətçi qonşu ölkələrin də suveren olmaq, müstəqil dövlət qurmaq haqqına sahib olduğunu anlaya bilər. Bilmək olmaz... Mümkündür ki, kimsə Rusiyanı ağılla idarə etmək fikrinə düşsün…

Amma hələlik, deyəsən, dünyanın ermənilər və ya rusların siyasi təfəkkürü ilə bağlı nikbin olması çox tezdir. Elə bilirdik ki, S.Lavrov həqiqi siyasətçidir və ya ən azından "yarımerməni"dir. Sən demə, bu adam tamamilə başqa birisi imiş. Hər halda, onun Xankəndidəki "debil" dostlarının təqdimatında S.Lavrov da, yumşaq deyək, normal görünmür!

Açıklama yok.

Söhbət on dörd maddədən ibarət olan və təntənəli sovetsayağı ad seçilmiş kağız parçalarından gedir. Adı belədir: "Azərbaycan SSR-in keçmiş Dağlıq Qarabağ Vilayəti ərazisindəki erməni əhalisinin təhlükəsizliyinin və hüquqlarının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təmin edilməsinin əsas prinsipləri və parametrləri"! Rusiya kimi böyük bir dövlətin xarici işlər naziri olasan, lakin rəsmi kimi təqdim edilən sənədin adını belə düz müəyyən edə bilməyəsən. Çünki o sənəddə adıçəkilən "Azərbaycan SSR" adlı bir dövlət yoxdur! Üstəgəl, olmayan bir dövlətin belə süni yaradılmış "keçmiş vilayəti"ndə kimlərisə "diriltmək" cəhdi özünü göstərir!

Digər tərəfdən, söhbət Azərbaycanın qanunvericiliyindən gedirsə, Azərbaycan SSR-də olmuş hansısa hüquqi prosedur ona reduksiya oluna bilər? Yəni, indiki müstəqil Azərbaycanın qanunvericiliyinə şübhəniz var? Nəhayət, hansı səbəbdən müstəqil Azərbaycanda vətəndaşlar arasında münasibətlərin tənzimlənməsinin hüquqi aspekti kənarda hazırlanmalıdır? Bu mənada Putin kimdir və ya Lavrov kimdir?

Bundan başqa, əgər hər hansı bir sənəddə Qarabağla bağlı verilən təkliflərin önündə azərbaycanlıların öz yurdlarına qayıtması (yəni, türklərin öz vətənlərində məskunlaşması) və Azərbaycan ərazisindəki erməni silahlı dəstələrinin çıxıb getmələri ilə bağlı bəndlər yoxdursa, ona heç baxmağa dəyməz. Qalan məqamlar təfərrüatdır.

Bir separatçının "yeni Lavrov planı" kimi təqdim etdiyi kağız parçası haqqında bizim bəzi ekspertlərin pafoslu şəkildə təkrar-təkrar fikir bildirmələri də doğru deyildir. Rəsmi Bakı necə reaksiya verir? Susur! Tamamilə düzgün edir. Çünki, birincisi, reallıq o kağız parçalarındakı kimi deyildir, ikincisi, Azərbaycan vətəndaşlarının malik olmalı olduqları hüquqlar barədə Azərbaycan Konstitusiyasından başqa kimsənin danışmaq hüququ yoxdur, üçüncüsü, Qarabağdakı bir separatçı kimin tərəf-müqabilidir? Kimliyindən asılı olmayaraq, o, rəsmi Bakı üçün hələ ədalət məhkəməsi qarşısında çox suallara cavab verməli olan potensial cinayətkardır. İndi onun sayıqlamalarına cavab verilməlidir? Bu xüsusda ən yaxşı cavablardan birini Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov verib: "bu da rus gəmilərinin ardınca gedəcək"!

Məsələ nədən ibarətdir? Ondan ibarətdir ki, Ermənistanın və havadarlarının (ABŞ, Avropa, Rusiya və İran) sülh prosesini "dondurmaq" üçün düşünüb, reallaşdırmağa çalışdığı planın daha bir mərhələsi rəsmi İrəvanın böyük uğursuzluğu ilə yekunlaşıb. O, üç istiqamətdə haqlı və ədalətli Azərbaycanın diplomatiyasından ciddi zərbə aldı. Birincisi, Laçın yolunda "humanitar yardım" tamaşası iflasa uğradı, ikincisi, Ağdam yolu gündəmə gəldi, üçüncüsü, BMT TŞ erməni ssenarisinə "yox" dedi.

Cənubi Qafqazda sülh və sabitliyə ümid: Azərbaycan-Türkiyə birliyi!

Bunların fonunda Ermənistanın günahı ucbatından Cənubi Qafqazda hərbi-siyasi hərarət sürətlə yüksəlməkdədir. Hazırda regionda intensiv hərbi məzmunlu hərəkətlilik müşahidə edilir. Açıq görünür ki, Ermənistanın təxribatları regional savaş təhlükəsi riskini artırır. Son vaxtlaradək sülh prosesinin perspektivləri barədə intensiv müzakirələrdən danışan böyük güclər susurlar. Region ciddi şəkildə yeni savaşın astanasındadır.

Bunlardan ümumi bir geosiyasi nəticə çıxır: "Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar edilməsinə olan ümidlər növbəti dəfə boşa çıxmaq üzrədir"! Bax, məsələnin bu tərəfi daha əhəmiyyətli və düşündürücüdür. Çünki rəsmi İrəvanın son addımları tam olaraq göstərir ki, Ermənistan sülh prosesindən uzaqlaşmaq qərarına gəlib. Həmin səbəbdən ekspertlər hesab edirlər ki, "bundan sonra situasiyanın gələcək inkişaf istiqamətlərini daha çox hərbi faktorlar müəyyən edə bilər".

Vurğulanan istiqamətlərin fonunda yekun olaraq "destruktiv Ermənistan və havadarları bu uğursuzluq mərhələsindən sonra hansı addımları ata bilərlər?" sualı aktuallaşır. Bu suala cavabın əlamətlərini üç faktda görürük. Onlardan birincisi "yeni Lavrov planı"dır. Bununla Kreml həm regiondakı güclü geosiyasi rəqiblərini guya arxa plana atır, həm də Moskvanın regiona təsirinin real olduğu görüntüsü yaradır. Bunu sovet dönəminin səhvləri və yanlışlıqlarını müasir mərhələdə "diriltmək" kimi kobudcasına və absurd üsulla etməyə çalışır. Müasir Azərbaycana sovetlərin artıq tarixin arxivində olan "hüquq qaydaları"ndan yeni "hüquqi don biçmək" kimi ilğımlara qapanır. Azərbaycanda yaşamaq istəyən ermənilər hər bir milli azlıq (Azərbaycanın titul milləti türklərdir və burada bir çox etnik mənsublar da mehribanlıq şəraitində titul millətlə birgə yaşayır) kimi, Azərbaycan Konstitusiyasında müəyyən olunduğu kimi yaşaya bilərlər! Başqa variant müzakirə olunmur! Bunu S.Lavrov da bilməyə borcludur!

Digər reaksiya rəsmi İrəvanın "hava limanı şousu"nda öz əksini tapmaqdadır. Konkret desək, Ermənistan Azərbaycanla həmsərhəd Qafan şəhərində müntəzəm reyslərin açılacağından dəm vurur.

İlk olaraq N.Paşinyan kiçik təyyarədə Qafana uçub. Sonra erməni təhlükəsizlik orqanının tualetinə su buraxıb (bunu edəndə ciddi görünürdü, yəni, güman edirdi ki, faydalı iş görür). Ondan sonra başqa bir erməni məmur eyni tip təyyarə ilə Qafana uçub.

Ekspertlər hesab edirlər ki, sülh müqaviləsi imzalamadığı bir ölkə ilə sərhəddə və hələ də silahlı toqquşmaların olduğu bölgədə hava limanının bu cür tələskənliklə açılması təkcə absurdluq əlaməti deyildir. Bəli, doğrudan da, bu cür hərəkətlər BMT TŞ-də alınan zərbədən sonra özünə süni də olsa, dividend qazanmaqdan başqa bir şey deyildir. Yəni, problemi yeni mərhələyə daşımaq cəhdi özünü göstərir. Bəs bu erməninin "yeni mərhələsi"nin əsas qayəsi nədən ibarət ola bilər?

Bu suala cavabda bir çox ekspertlərlə razılaşmaq lazım gəlir. Onlar hesab edirlər ki, "bununla Ermənistan gələcək təxribatlar üçün yeni zəmin hazırlayır". Yəni, son məğlubiyyətdən rəsmi İrəvanın çıxardığı nəticə belədir: "yeni şantajlar və təxribatlar"! "yeni Lavrov planı" bu kateqoriyaya uyğun gəlir. Lakin rəsmi İrəvanın bununla kifayətlənmədiyi haqqında da fikirlər mövcuddur. Məsələn, Qafan hava limanından gələcəkdə Ermənistanın havadarlarının hərbi məqsədlərlə istifadə etmək niyyətinin olduğunu istisna etmək olmaz.

Burada başqa bir məqam da ola bilər. Belə görünür ki, N.Paşinyan İlham Əliyevin addımlarını təkrar etmək fikrinə düşüb. Lakin o unudur ki, İlham Əliyev qalib dövlətin başçısıdır, N.Paşinyan isə ağır məğlub olmuş və gücsüz bir ölkənin baş naziridir. Bundan başqa, bir şəxsiyyət kimi N.Paşinyan çox kiçikdir – İlham Əliyevin "yerişini gedə bilməz". İlham Əliyev müasir beynəlxalq hava limanlarını açır, yeni yollara, müasir hərbi hissələrə, tunellərə, körpülərin tikintisinə, yeni tikilmiş "ağıllı" yaşayış məkanlarına, ora qayıdan vətəndaşlara, tikilən yeni gözəl yaşayış binalarına baş çəkir. Ermənistan hökuməti isə tualetdə su buraxır! Qətiyyən müqayisə oluna biləcək faktlar deyildir. Siyasətçilərin həm ranqları, həm də atdıqları addımlar tamamilə fərqlidir!

Nəhayət, rəsmi İrəvanın bu cür davranışlarına Amerika kimi bir dövlətin münasibəti maraq doğurur. Vaşinqton özünü elə aparır ki, guya real vəziyyəti ondan başqa anlayan yoxdur. Sözdə bir şey deyir, əməldə gizli erməni havadarlığı özünü göstərir. Lakin ABŞ hələlik bu cür ikili mövqelərdə Fransa və Rusiyadan geridə qalır.

Bütün bunlar onu göstərir ki, Ermənistan və havadarları son zamanlar Azərbaycandan aldıqları zərbələri etiraf edib yeni təxribatçı mərhələyə keçirlər. Onun ilk əlamətləri artıq özünü göstərir. Yəqin başqaları da olacaq. Lakin qələbə Azərbaycan-Türkiyə birliyinindir! Çünki Bakı ilə Ankara ədalət və haqqı qoruyurlar!


MANŞET XƏBƏRLƏRİ