Sözə sevdalı şair - Söhrab Tahir


Aynur Turan

(əvvəlui BU LİNKDƏ)

Bir gün bir yas məclisində Moskavadan yenicə qayıtmış xalqımızın ağsaqqalı, böyük rəhbəri Heydər Əliyev xalqımızın tarixinin müxtəlif dövrlərindən söhbət açaraq üzünü məclisdə oturan alim və yazıçılara tutub dedi: “Bu xalqın tarixini siz yazmasanız bəs kim yazacaq?!”

Mən xalqımızın böyük oğlu Heydər Əliyevin bu haqlı tələbinin təsiri altında “Ata” poema-eposunu yazmağa başladım...

Bundan sonra, şagirdlər poemanın müəyyən hissələrindən şeir parçaları söyləyirlər.

Od tanrısı dindi, göylər gurladı,

Od olmasa varlıq donar, dayanar.

Ovcunuza alın odu, qoruyun,

Od olmasa varlıq donar, dayanar.

Mən dursamda sizdən azca yuxarı,

Məndən alır dirrik axar-baxarı,

Bunca hamı yeyir, içir, otarır,

Od olmasa varlıq donar, dayanar.

Birdən baxıb ərənləri gördülər,

Çağırışa, haraya səs verdilər,

İtiatı ovlaqlara sürdülər,

Od olmasa varlıq donar, dayanar.

Azərbaycan torpağında S.Tahir zirvəsi var. Bu zirvədən günəş doğur. Onun yaradıcılığında “Nənəmin evi”, “Azərbaycan”, “30 il zindanda”, “Qızıl cam”, “Ata”, “Səttarxan” əsərləri sanki gur şəlalə olub qəlblərə axır. Şair əks-sədadır. O, həyatın bütün səslərinə, bütün çağırışlarına cavab verməlidir. S. Tahir əsl şair idi. Azərbaycan öz böyük oğlu üçün daim fəxr və qürur hissi keçirir. Şair təkcə düşmənə qarşı amansız deyildir. O, qorxaq və mühavizəkar olan bütün şəxsləri öz odlu şeirlərinin hədəfinə qoyur. S. Tahir elə sənətkarlardandır ki, onların həyat yolu yaradıcılıq yolu qədər, yaradıcılıq yolu isə həyat yolu qədər maraqlı və zəngin olur. Həkim, filoloq, şair, içtimai xadim, azadlıq təşnəsi kimi müxtəlif adlar qazanmış, vətəndaşlıq mövqeyi və özünəməxsus poetik dünyası ilə seçilən S. Tahir ana vətəninin ürəyində doğulmuş, diləyində həmişə azadlıq bəsləmiş və bu yolda qılıncını ovxarlı saxlayan qüdrətli söz ustasıdır. Azadlığı Savalanın zirvəsində görən və bu ucalığa çatmaq üçün “dərələri xurcun kimi çiyninə aşırıb, qayalardan atılaraq”, “quzu olub daşlarını yalayaram duz kimi” deyə üzünü dağlara tutub söylədiyi şeirlərdəki məqama fikir verin:

Qurban olum sənin daim uçuran yağışına, doluna.

Qurban sənin dağ yolunu səngər etmiş oğluna,

Gir qoluma, daha çıxaq böyük dünya yoluna,

Dayan, dayan. Ey əcdadım, qoy mən girim qoluna

Savalanım, Savalan!..

Gözəl günlər uğrunda ömrünü odlara atan və indi sanki yer üzünün gəzəri Savalanına çevrilən S.Tahir elə təvazökar, mənəviyyatı zəngin bir şəxsiyyətdir ki, 90 baharlı bir arzman çinarın haqqında bəlkə də yetərincə yazılmayıb. Halbuki həm şəxsiyyət kimi, həm də yaradıcılıq ləyaqətinə görə Söhrab Tahir yalnız Azərbaycan ədəbiyyatının deyil, dünya poeziyasının qüdrətli nümayəndələrindəndir. Onun haqqında yazılmış tədqiqatların birində deyilir ki, S.Tahir yaradıcılığı xalqın mənəvi, ədəbi ruhi birliyini yaradan ən güclü qüvvələrdən, aramızdakı ən möhtəşəm körpülərdən biridir. S. Tahir Cənubi Azərbaycan da milli azadlıq yolunda çarpışan, mübarizə aparan hürriyyət aşiqidir. Lakin bir çox cənublu soydaşlarımız kimi onun da taleyi dövrün, zamanın haqsızlıqlarına tuş gəlmişdir. Apardığı haqq işinin bəxş etdiyi “ərməğan” bu oldu ki, döğulduğu yurddan, anasından, əzizlərindən uşaqlığının minbir xatirəsini yaşadan yerlərdən ayrı düşdü. Şehli gəncliyindən bu günə-Savalanmış ömrünə kimi, özü demişkən, iki həyat yaşadı.

Mənim qollarımı iynə-sap edin

Tikin Astaranı biri-birinə.

Çayları, yolları iynə-sap edin

Tikin Culfaları biri-birinə.

Söhrab Tahir şeirləri Azərbaycan poeziyasında bir mənəvi səngər qurdu. Bu səngərdə döyüşənlərin birinci vəzifəsi ürəklərdə, beyinlərdə hürriyyət adlanan bir səadətin məhəbbət toxumunu səpmək idi. Qəlbinin diktəsi ilə qələmini məhz bu istiqamətə yönəldib poeziyamızın sükanını məharətlə azadlığa, bu yolda çarpışmalara yönəldən S.Tahir bütün bu illər ərzində öz istəyinə bir bəndlik də olsa, xəyanət etmədi. Bəzən poeziyamızın dünəninə boylananda fikirləşirsən ki, yazarlarımız od püskürən misraları, insanın ruhunu azadlığa-bəxtiyarlığa çəkən nidaları yazmasa idilər, bəlkə də poeziyamız sakit görünərdi, lal görünərdi. Indi həmin şeirləri oxuduqca, qürurlandığımız ideyaların, arzuların əzəməti və dəyəri önündə baş əyməli oluruq. Gününü qələmsiz, yazı masasız keçirməyən S.Tahir çağdaş qələm sahiblərindən-bəlkə də, ən məhsuldarlarından biri idi. Dünyada bütün itkilərə dözmək, ağır dərdlərə sinə gərmək, tənha yaşamaq mümkündür. Ancaq vətənsizlik, doğulduğun yerdən ayrı düşmək ölümdən də betərdir. S.Tahir bu ağır yükü, bu ikiyə bölünmüş vətən dərdini ömür boyu çiyinlərində və ən əsası da qəlbində daşıdı. S.Tahir min səadətin içində belə vətən sarıdan nisgillidir. İkiyə bölünmək, vətən həsrəti qəlbindən süzülüb yazılarına töküldü.

İki bölünməkdən elə qorxmuşam,

Çöpü də ikiyə bölmürəm daha...

Mənalı ömür yolu, dəyərli yaradıcılığı ilə həm qələm dostlarının, həm də oxucuların dərin sevgisini qazanmış Söhrab Tahir min səadətin içində belə vətən sarıdan nisgillidir, ən bəxtəvər çağında da kövrəkdir, bir həzin himə bənddir:

Öləndə kəfənim ikiqat olsun,

Mən həm o tayınam, həm də bu tayın.

Qoy bütün dünyaya belə yayılsın

Öləndən sonra da birlik harayım.

Şairin Vətən məhəbbətini əks etdirən “Ərdəbil”, “Təbrizim”, “Savalanım”, “Ərk qalası”, “Mərənd” və s. şeirlərində yurd sevgisinin yaratdığı bir sıra məqamları görür, müəllifin vətəndaşlıq hislərinin qədərsizliyinə, əbədiliyinə şahid olursan. Şeirlərindən çəkdiyimiz ayrı-ayrı ləçəklərdəki fikir duyumu çox düşündürücüdür.

Xalqım, sənin üzərinə

Qanlı qılınc sıyıranlar,

Bir milləti parçalayıb

Neçə yerə ayıranlar,

Səni təhqir edə-edə

Bu dünyada ucaldımı

Bu təhqirlə sənin, xalqım,

Böyüklüyün azaldımı.

Hərdən mənə elə gəlir ki, S.Tahir ulu Savalandan qopan bir qaya parçasıdır. Varlığında bütöv məmləkətimizin ağrı-acılarını gəzdirməkdən sərtləşib. Müəllifin ürək qanı ilə yazdığı şeirləri hərdən bayraq kimi başımızın üstündə dalğalandırmağa bir ehtiyac duyursan. Özünü “ayrılığın qanlı misrası”, “iki ölkənin vətəndaşı” sayan və bu minvalla iki taleyi bir ürəkdə birləşdirmək üçün gənclikdən ömrün qışına yol gələn S.Tahir üzünü Araz boyu tutaraq demişdir:

Araz şah misramdır, Təbriz poemam,

Tale kitabımı oxu bu yerdə.

Biz ki, bu torpaqdan, bir taledəndik,

Daha nə gərəkdir sorğu bu yerdə.

Oxucularına həmişə deməyə sözü olan, şeirlərini gözəllikdən, oddan yoğuran, köhnə şeirimizdə təzə üsyan başlayan, “mənə iki tayda bir qəbir tikin” vəsiyyətini yazan, yalançı vədlərdən uzaq ağır taxtalı yaradıcılığı, bəyazlaşmış saçları ilə 90 bahar yaşadı. Arazla baş-başa dayanan qüdrətli söz sərrafının yaradıcılıq nəhri çox sellərin yönünü dəyişdi, qurumuş könüllərə yeni həyat gətirdi. Sözlə əməl bir olanda, o sözün və əməlin sahibi sevilir, şəxsiyyəti dəyərləndirilir, yazdıqları məlhəm, tutiya kimi cana can, ruha qanad verir, Söhrab Tahir kimi... S.Tahir bir əsrə yaxın, 90 il qələmi ilə xalqa xidmət göstərdi. Dərdləri ilə gəldi dünyaya, həsrəti ilə də getdi bu dünyadan. Bitməyən vətən sevdası ilə. Bəlkə də bu dərdlər idi onu şair edən. Güney dərdi, Araz ağrısı, doğma yurd nisgili ilə şair oldu S.Tahir. Ölümünün sonunacan qələmə sarınan şair ölümü ilə ölümsüzlük gətirdi, ədəbi yaşayacağını bildiyi üçün. Xalq şairi Söhrab Tahirin əziz xatirəsi onun tanıyanların qəlbində həmişə yaşayacaqdır. Yerin uçmaq, məkanın cənnət olsun şair!..

Xalq şairi Söhrab Tahirin əziz Xatirəsi onun tanıyanların, sevənlərin qəlbində həmişə yaşayacaqdır.

Kişi inadıyla yaşadın ömrü,

Qız-gəlin misallı ismətin oldu.

Qorxardın çöpü də iki bölməyə,

İkiyə bölünmək qismətin oldu.

Sərvaz Hüseynoğlu.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin bəyanatı

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ