Günəşdə Yer kürəsindən 60 dəfə böyük dəlik açıldı


Günəşin səthində nəhəng qaranlıq dəlik açılıb və birbaşa Yer kürəsinə doğru radioaktiv dalğalar yayır.

Turkustan.az xəbər verir ki, bu barədə Spaceweather.com saytı məlumat yayıb.

Məlumata görə, qaranlıq boşluq dekabrın 4-dən etibarən birbaşa Yerə istiqamətlənib.

Alimlərin hesablamalarına görə, dəliyin ölçüsü 60 Yer kürəsinə bərabərdir. Bu nəhəng boşluq əvvəlkilərdən fərqli olaraq bir ilkdir. Tac dəliyi kimi tanınan nəhəng qaranlıq bölgə dekabrın 2-də ulduzun ekvatoru yaxınlığında yaranıb və 24 saat ərzində təxminən 800 min kilometr genişliyə çatıb.

Qeyd edək ki, bu müvəqqəti dəliklər Günəşdəki maqnetizm qəfil dəyişdikdə, ulduzun yuxarı səthindəki radioaktiv plazmanın kosmosa atılmasına səbəb olduqda əmələ gəlir. Bu isə nəticədə radioaktiv plazma hissəciklərinin kosmosda hərəkət edərək Yerə çatmasına səbəb olur. Bu vəziyyətdə hərəkət edən hissəciklərə “günəş fırtınası” deyilir.

Koronal dəliklər qaranlıq ləkələr kimi görünür, çünki onlar ətrafdakı plazmadan daha soyuq və daha az sıxdır. Günəş ləkələri də eyni səbəbdən daha tünd olur. Ancaq günəş ləkələrindən fərqli olaraq, tac dəlikləri yalnız ultrabənövşəyi işıqda müşahidə edilə bilər. Mütəxəssislərin fikrincə, tac dəliklərindən gələn radiasiya cərəyanları ləkələrdən gələn plazma dalğalarından qat-qat sürətlidir.

Xatırladaq ki, mart ayında Günəşdə müşahidə edilən sonuncu tac dəliyi son illərin Yer kürəsində ən güclü geomaqnit qasırğasına səbəb olub.

Yeni dəliyin ulduzda nə qədər qalacağı isə məlum deyil. Bununla belə, əvvəlki tac dəliklərinin 27 gündən çox davam etməsi ilə bağlı məlumatlar var.


MANŞET XƏBƏRLƏRİ