Rusiyanın Kamçatka vilayətində ötən gün 8.7 maqnitudalı zəlzələ, ardınca yüzlərlə afterşok qeydə alınıb. Zəlzələ Bakı vaxtı ilə saat 03:24-də (yerli vaxtla 11:24) baş verib.
Zəlzələ nəticəsində Kuril adalarında 2 700 nəfər təhlükəsiz ərazilərə təxliyə olunub. Şimali Kuril rayonunda isə zəlzələ və sunami səbəbindən fövqəladə vəziyyət rejimi elan edilib.
Bundan əlavə, Meksika Hərbi Dəniz Qüvvələrinin Sunami Xəbərdarlıq Mərkəzi Kamçatkada baş vermiş zəlzələdən sonra ölkənin qərb sahillərində, Çinin şərq sahillərində və Tayvanda sunami təhlükəsi elan edib. Məlumata görə, dalğaların hündürlüyü 1 metrə qədər ola bilər.
Afterşokar hələ də davam edir. Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının məlumatına görə, səhər bir saat ərzində bu ərazidə 8 zəlzələ qeydə alınıb. Bu gün baş verən zəlzələlərin maqnitudası 4,5-6,7 bal təşkil edib.
Qeyd edək ki, Rusiyanın şərqində yerləşən Kamçatka bölgəsində minlərlə azərbaycanlı yaşayır.
Modern.az bölgədəki Azərbaycan diaspor nümayəndələri ilə əlaqə saxlayıb.
Kamçatkada fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndəsi Ramazan Hüseynovun saytımıza verdiyi məlumata görə, bölgədə təxminən 2000-2500 nəfər azərbaycanlı var. Onun sözlərinə görə, hələlik zəlzələ ilə əlaqədar hər hansı azərbaycanlının xəsarət alması və ya yardım müraciəti qeydə alınmayıb.
“Zəlzələ ilə bağlı bu günə qədər bizə heç bir azərbaycanlıdan rəsmi müraciət daxil olmayıb. Azərbaycanlıların sıx yaşadığı ərazilərdə sunami təhlükəsi də yoxdur. Hazırda vəziyyət nəzarət altındadır, ciddi təşvişə əsas yoxdur”, – deyə Ramazan Hüseynov bildirib.
Qeyd edək ki, Kamçatka yarımadası seysmik aktiv zonada yerləşir və burada mütəmadi olaraq orta və güclü maqnitudalı zəlzələlər qeydə alınır. Yerli fövqəladə hallar xidməti hadisə ilə bağlı əhaliyə ehtiyatlı olmağı tövsiyə edib.
Azərbaycan diaspor təşkilatları isə bölgədə yaşayan soydaşlarımızla daimi əlaqə saxladıqlarını və vəziyyəti yaxından izlədiklərini bildiriblər.