1945-ci il sentyabrın 3-də Firqənin təşkili elan olundu. Müəssisələr Məclisinin qərarı ilə sentyabrın 13-də ilk konfrans keçirildi və I Qurultay oktyabrın 2-də təyin edildi.
Azərbaycan Demokrat Firqəsi yaranandan və müraciətnaməsi yayılandan sonra İXP-nin əyalət komitəsi bu yeni yaranan təşkilata öz münasibətini bildirməli idi. Odur ki, 1945-ci il sentyabrın 7-də əyalət komitəsinin konfransı çağırıldı və bu məsələ geniş müzakirə olundu. Bir gün çəkən konfrans ADF-nin məram və məqsədinin Azərbaycan xalqının arzu və istəyinə daha yaxın, daha həyati olduğunu qeyd edərək qüvvələri birləşdirmək qərarına gəldi. ADF-nə mülhəq olmağı məqsədəuyğun və doğru yol hesab edərək, İXP-nin əyalət komitəsi ləğv edildi. Konfransın bu qərarını yerinə yetirmək üçün vilayət təşkilatlarına nümayəndələr göndərildi. Ərdəbilə Mirqasım Çeşməzadə ilə Darandaşı adlı bir nəfər gəldi və Vilayət Komitəsinin ümumi iclasında bu qərarı elan etdi. Ümumi iclas qərarı bəyəndi və sabahısı günü Ərdəbildə firqənin ilk iclasını keçirdi. Yadımdadır, bu iclasa şəhərin çoxlu ziyalıları gəlmişdi. Qurultay iki gün çox mübahisəli keçsə də, Məramnamə, Nizamnamı, bəzi əlavə və düzəlişlərlə qəbul olundu. Firqənin Mərkəzi Komitəsi və Təftiş Komitəsi seçildi.
1944-1945-ci illərdə ölkənin vəziyyəti çox ağır idi.Kəndlərdə cana doymuş kəndlilər arasında toqquşmalar baş verir, dövlət məmurları kəndliləri cəzalandırır, bəzən onların gözü qabağında ərbabın adamları kəndlilərin ailəsini evdən çıxarır, daxmasına od vurur və ya kənd ərbabın anbarında günlərlə həbs edirdilər. Bu hallara qarşı bəzi kənd əhli müqavimət göstərir, məmurların silahlarını əllərindən alır, özlərini kənddən qovurdular. Azərbaycan vilayətlərində get-gedə genişlənən bu kəndli hərəkatlarının nümayəndələri kəndlərə, qəsəbələrə, kənd polisi postlarına gedir, onları tərksilah edirdilər. Kəndlərdə kortəbii başlayan çıxışlar üsyan halı almasın deyə, firqə bu çıxışları hakimiyyət uğrunda mübarizə xəttinə salmaq üçün onlardan fədai dəstələri yaratmaq uğrunda vilayətlərdə ayrı-ayrı fəaliyyət göstərən dəstələr birləşərək, böyük dəstələr əmələ gətirdilər. Sərab, Miyana, Urmiyə, Ərdəbil, Zəncan, Astara, Meşkin və s şəhərlərdə dövlət idarələrini ələ keçirdilər və nəhayət, Təbriz şəhərindəki qoşun və əmniyyə başçıları təslim oldular.
Geniş xalq kütləsinin tələbi ilə noyabr ayında Təbrizdə Xalq Konqresi təşkil olundu. Konqres Azərbaycana milli muxtariyyət verilməsini qərara aldı. Bunun üçün Milli Məclis təşkil edilməli və azad seçkilər keçirilməli idi. Konqresin bu qərarından sonra ölkənin bütün vilayətlərində seçkilər başlandı. Bütün vilayətlərdə seçkilər qurtarıb, nümayəndələr seçiləndən sonra Milli Məclisin çağırılması dekabrın 12-nə (21 Azər) təyin olundu.
Hazırladı – Fuad Kamil oğlu
Mənbə - “Xatirələrim” – Balaş Azəroğlu
Bakı -2008