Ölkədə bahalaşma gözlənilir — Qiymət artımına hansı amillər təsir edir? - ŞƏRH


Son günlər bazarlarda müşahidə olunan qiymət artımı ictimaiyyətin diqqət mərkəzinə çevrilib. Ət, süd və digər ət məhsullarının bahalaşacağı ilə bağlı gözləntilər alıcılar arasında ciddi narahatlıq yaradıb.

Mütəxəssislərin sözlərinə görə, ət məhsullarının qiymət artımına əsas səbəb heyvanlar arasında yayılan dabaq xəstəliyidir. Nəticədə bazarda mal ətinə olan təklif azalıb, bu isə qiymətlərin yüksəlməsinə gətirib çıxarır.

Dabaq xəstəliyi səbəbindən bir çox vətəndaş alternativ olaraq toyuq və balıq məhsullarına üstünlük verir. Artan tələbat isə həmin məhsulların da qiymətinə təsirsiz ötüşməyəcək.

Son vaxtlar isə ilin sonu və gələn ilin əvvəli üçün ölkədə ümumi bahalaşma ehtimalı ilə bağlı fikirlər səslənir. Bu proqnozların reallıq payı varmı? Turkustan.az olaraq bu sualı iqtisadçı-ekspert Günay Hüseynovaya ünvanladıq.

İqtisadçı Ekspert Günay Hüseynova- Korona virus pandemiyasının ölkə  iqtisadiyyatına təsiri haqda

Günay Hüseynova

İlk növbədə qeyd etmək istəyirəm ki, bahalaşma təkcə ölkəmiz üçün xarakterik hal deyil. Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər və inflyasiyanın sürəti bir çox ölkələrin daxili bazarlarına birbaşa təsir göstərən amillər sırasındadır.

Gələn il üçün qiymət artımına gəlincə, artıq məlumdur ki, minimum əməkhaqqı, pensiya, müavinət və təqaüdlərlə yanaşı, bəzi vergi dərəcələrinin də artırılması nəzərdə tutulur. Təbii ki, bu dəyişikliklər bazarda qiymət səviyyəsinə təsir edəcək.

Digər mühüm amil isə idxaldan asılılığımızdır. Zəruri və gündəlik tələbat məhsullarının bir çoxunda özümüzü 100% təmin edə bilmirik. İdxal etdiyimiz ölkələrdəki qiymət dəyişikliyi də daxili bazarda bahalaşmaya səbəb olan əsas faktorlar arasındadır.

Bütün bu amillərin məcmusu nəticəsində sahibkarlar da qiymət artımını vitrinlərdə əks etdirirlər. Lakin məsələnin görünməyən, qeyri-leqal tərəfi də mövcuddur ki, bu da süni qiymət artımı ilə bağlıdır. Məsələn, pensiya, əməkhaqqı və təqaüdlərin yaxın aylarda artacağını bilən bəzi işbazlar bu prosesi qabaqlayaraq qiymətləri tədricən qaldırırlar. Onlar qiymət artımını birdən-birə deyil, günbəgün və ya həftəlik şəkildə həyata keçirirlər ki, alıcının gözündə bu dəyişikliklər o qədər də hiss olunmasın və şikayətlər yaranmasın.

Əslində vəziyyətdən çıxış yolu sadədir. Bütün ticarət müəssisələri elektronlaşdırılmış sistemə keçid etsələr, istənilən məhsulun hansı tarixdə, hansı qiymətə satıldığı, alış və satış fakturaları arasındakı fərq, vitrin qiyməti ilə sistemdəki və alıcıya təqdim olunan qiymət arasındakı uyğunluq asanlıqla izlənilə bilər.

Təəssüf ki, hazırda yoxlamalar kifayət qədər aparılmır, əsasən yalnız şikayət daxil olduqda reaksiya verilir. Bundan əlavə, əhalinin bu mövzuda maarifləndirilməsi də aşağı səviyyədədir.

Təklif edirəm ki, mağazaların girişində və daxili hissəsində maarifləndirici lövhələr quraşdırılsın, istehlakçı hüquqları ilə bağlı əlaqə məlumatları aydın şəkildə göstərilsin. Belə olduqda vətəndaş hüququ pozulduqda hara və necə müraciət etməli olduğunu biləcək, haqqını doğru ünvandan və qanuni şəkildə tələb edə biləcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ