Pirotexniki vasitələrin qanunsuz satışına kim icazə verir?


Yeni ilin gəlişinə daha çox uşaqlar sevinir.

Böyüklərin bayram süfrəsi təşkil etmək problemi varsa, uşaqları daha çox düşündürən partlayıcı vasitələr alıb əylənməkdir.

“Zırpaket” adlandırılan partlayıcılar uşaqları sevindirsə də, böyükləri ciddi şəkildə narahat edir. Partlayıcı vasitələrin təhlükəli olması ilə yanaşı, onun yaratdığı “atəş” səsləri insanların rahatlığını pozur.

Pirotexniki məhsulların satışı qanunla qadağan edilsə də, şəhərin müxtəlif yerlərində Yeni il xırdavatları satılan obyektlərdə bu cür məmulatlara rast gəlmək mümkündür.

Dünyanın əksər ölkələrində bayram günlərində uşaqların yanğın törədə bilən, insanları qorxuya salan, panika yaradan qurğulardan istifadə etməsi qadağan olunur.

Bayramlarda fişənglər yalnız xüsusi təşkil olunmuş qruplar tərəfindən havaya açılır. Əhalinin təhlükəsizliyi yüksək səviyyədə təmin olunur. Bakı və ölkənin digər iri şəhərlərində isə bu qaydalara riayət olunmur.

Fişəng və partlayıcı vasitələrin əksər hissəsi Çindən idxal olunur və onların üzərində istifadə qaydaları və digər məlumatlar öz əksini tapmayıb. Bu məhsullar da təhlükəsizlik normalarına cavab vermədiyindən orqanizm üçün təhlükəlidir.

Sözü gedən məsələ ilə bağlı "Cebhe.info"-ya Daxili İşlər Nazirliyinim əməkdaşı Nurlan Əliyev bildirib ki, pirotexniki vasitəsilərin ölkəyə getirilməsi qadağandır:

"Daxili İşlər Nazirliyi əhalinin nəzərinə çatdırır ki, məişət səs-küyünə qarşı aparılan mübarizə tədbirlərinə nəzarət çərçivəsində pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların qeyri-qanuni dövriyyəsinin qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir. Bu məmulatların satışını qanunsuz təşkil edən şəxslər aşkar edildikləri təqdirdə onlar barəsində ciddi intizam tədbirləri həyata keçiriləcək.

Bildirim ki, istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinə əsasən, inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir”.


MANŞET XƏBƏRLƏRİ