Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçın rayonunun Zabux kəndinə yola salınan növbəti köç karvanı ünvana çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib. Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Prezidentinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəliyinin, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun rəsmiləri iştirak ediblər.
Komitədən verilən xəbərə görə, zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailəlırinə səbir diləyiblər.
Köçürülən ailələr Zabux kəndində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Zabux kəndinə 25 ailə - 91 nəfər köçürülüb. Bununla da Zabux kəndində 96 ailənin, yəni 382 nəfərin daimi məskunlaşması təmin edilib.