SPECA Bakıda yüksəldi: Azərbaycan BMT-nin nüfuzunu artırdı


Kamal Adıgözəlov

BMT-nin 25 il bundan öncə başladığı regional proqramlardan olan SPECA ilk Zirvə görüşünü Azərbaycan paytaxtında keçirdi. 2023-cü ildə SPECA-ya sədrlik edən Azərbaycan üzv dövlət başçılarının Zirvə görüşünü təşkil etməklə həmin proqramın reallaşmasına yeni nəfəs vermiş oldu. Qəbul edilən Bakı Bəyannaməsində və rəqəmsallaşma ilə bağlı Yol Xəritəsində ortaq fəaliyyətin əsas məqamları öz əksini tapıb. Belə gözləmək olar ki, bundan sonra həmin proqramın həyata keçirilməsində daha səmərəli mərhələ başlayacaqdır. Ekspertlər bu özəlliyi xüsusi vurğulayırlar. Bütün bunlara görə Zirvə görüşünün geosiyasi təhlili bizim üçün əhəmiyyət kəsb edir.

25 ildən sonra: SPECA-ya üzv dövlətlərin Zirvə görüşünün geosiyasi mənası

Keçən əsrin 90-cı illərində sosialist düşərgəsinin dağılması ilə bir neçə ölkə müstəqilliyinə qovuşdu. Bu dalğanın yaratdığı əks-sədalardan biri beynəlxalq təşkilatların və ayrıca Avropa İttifaqının həmin məkan istiqamətində bir sıra proqramlar reallaşdırmasından ibarət oldu. Bu, obrazlı desək, Qərbin Şərq istiqamətində "yeni qonşuluq siyasəti" yeritmək prosesinin tərkib hissəsi təsiri bağışlayırdı. Həmin proqramların əksəriyyəti tam reallaşmadan və məqsədinə çatmadan bağlandı. Lakin BMT-nin 1998-ci ildə başladığı Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) bu gün də işləkdir. Artıq 25 ildir ki, həmin proqram çərçivəsində fəaliyyət vardır.

Ancaq bu proqramla da bağlı müəyyən çətinliklər və passivlik hökm sürdü. Bu passivliyə Azərbaycan son qoydu. Belə ki, noyabrın 24-də Bakıda SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirildi. Həmin hadisə ilə bağlı Prezident İlham Əliyev tədbirdəki çıxışı zamanı ifadə edib: "Hazırda Azərbaycan SPECA-ya sədrlik edir. İyirmi beş il ərzində ölkələrimiz arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib, ancaq SPECA-ya üzv dövlətlərin Zirvə görüşü ilk dəfə keçirilir. Zirvə görüşünün keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsünə dəstək verdikləri üçün Mərkəzi Asiya ölkələrinin rəhbərlərinə təşəkkürümü bildirirəm".

Prezident İlham Əliyevin bu sözləri onu göstərir ki, Azərbaycan regional və beynəlxalq təşkilatlarda fəallığını daha da artırır. Ayrıca, Azərbaycan BMT kimi təşkilatın Mərkəzi Asiya ilə əlaqəli təşəbbüslərinə fəal dəstək verir. BMT-nin belə 25 il müddətində təşkil edə bilmədiyi Zirvə görüşünü reallaşdırmaqla Bakı, faktiki olaraq, geniş bir geosiyasi məkanda inteqrasiya formatlarından birini də aktivləşdirmiş oldu.

Daha konkret desək, Azərbaycan beynəlxalq təşkilat çərçivəsində Mərkəzi Asiyanın həm ayrı-ayrı dövlətləri ilə ikitərəfli, həm də bir region olaraq əlaqələrini yeni səviyyəyə yüksəldib. Deyilənlər İlham Əliyevin çıxışının iki məqamında öz əksini tapıb. Birincisi, Azərbaycan Prezidenti deyib: "Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir. Mənim dəvətimlə bu gün Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak edirlər. Əminəm ki, bu tərkibdə keçirilən Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq".

Deməli, Azərbaycan SPECA-nı Gürcüstan və Macarıstanı və bunlardan başqa, bir sıra regional qurumların (Körfəz Əməkdaşlıq Şurası, BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE), BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP)) nümayəndələrini dəvət etməklə, faktiki baxımdan, bu proqramı yeni aktuallıq səviyyəsinə yüksəldib.

İkincisi, İlham Əliyev çıxışı zamanı xüsusi vurğulayıb: "Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır. Sentyabr ayında mən Düşənbədə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının Zirvə görüşünə ilk dəfə fəxri qonaq kimi dəvət olunmuşam. Dəvətə görə bir daha təşəkkür edirəm. Hazırkı Zirvə görüşünü Düşənbə görüşünün məntiqi davamı kimi qiymətləndirirəm".

Prezidentin bu dərin fikirlərindən görünür ki, rəsmi Bakı Zirvə görüşünə vurğulanan məqamlardan başqa, geosiyasi, tarixi, mədəni, nəqliyyat, logistika, enerji və iqtisadi əhəmiyyəti olan iki aspektdə qiymət verir. Onlardan biri Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi-mədəni əlaqələrinin olması, digəri isə Mərkəzi Asiyanın region kimi geosiyasi kontekstdə Azərbaycanla əlaqələrinin davamlı, düşünülmüş və konkret proqramlar çərçivəsində inkişaf etdirilməsidir. Bu baxımdan SPECA-nın Bakı Zirvə görüşü bir neçə ay əvvəl Düşənbədə təşkil edilmiş və İlham Əliyevin də dəvətli olduğu Mərkəzi Asiya Dövlət Başçılarının Zirvə görüşünün məntiqi davamıdır.

Azərbaycanın xarici siyasətinin mühüm özəlliyi: regionlararası inteqrasiya istiqaməti

Buradan İlham Əliyevin regionlararası əməkdaşlığı inkişaf etdirmə siyasətinin geosiyasi baxımdan vacib olan iki özəlliyi aydın olur. Onlardan biri konkret regiona aid olan təşkilatlarda Azərbaycanın təşəbbüskar, birləşdirici və motivəedici rol oynaması, digəri isə bu əməkdaşlıq ruhunun daha geniş miqyasda başqa regional və qlobal təşkilatlarla əlaqələrə uğurla proyeksiya edilməsidir. Sonuncu şərtin ödənilməsinə Azərbaycan Prezidenti konkret və real proqramlar təklif etməklə nail olur. SPECA ilə bağlı bu xüsusda nümunə kimi Etimad Fondunun yaradılmasını göstərə bilərik. Bununla yanaşı, Zirvə görüşünün yekunu olaraq Bakı Bəyannaməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması ilə bağlı Yol Xəritəsinin qəbul edilməsini vurğulamaq olar.

Etiraf edək ki, xarici siyasətdə bu özəlliklər postsovet məkanında ancaq Azərbaycana məxsusdur. Başqa mənaları ilə yanaşı, bu o deməkdir ki, Bakı regional və qlobal geosiyasətdə, faktiki olaraq, yeni funksional səviyyəyə yüksəlir. Onun faydasını geniş geosiyasi məkanda çoxlu sayda ölkələr görəcəkdir.

Bununla yanaşı, rəsmi Bakı SPECA-nın Zirvə görüşünü təşkil etməklə dünyaya daha iki mühüm mesajı vermiş olur. Məsələ ondan ibarətdir ki, BMT-nin bu proqramının yerinə yetirildiyi geosiyasi məkanda bütövlükdə siyasi sabitlik hökm sürür. Bu bağlılıqda İlham Əliyev ifadə edib: "Ölkələrimizi birləşdirən daha bir amil var, o da siyasi sabitlikdir. Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur".

Dünya miqyasında nizamın yenidən qurulduğu bir dönəmdə bu mesajın əhəmiyyəti böyükdür. O, əməkdaşlığı, humanitarizmi və sülhü təşviq edir. Hər bir regionda siyasi sabitlik olsa, o halda bütövlükdə dünyada rifah olar.

Bu tezisin digər tərəfi ondan ibarətdir ki, Azərbaycan Prezidenti hər bir regionda pozuculuğa, intriqalara, selektiv yanaşmalara, ikili standartlara, münaqişələrə can atanlara qarşı güzəştsiz olmağa səsləyir. Bu kontekstdə SPECA-nın tədbirlərində Cənubi Qafqazda yalnız Ermənistanın iştirak etməməsinin təsadüfi olmadığı aydınlaşır. Çünki Ermənistan "…uğursuz, asılı, iki və ya daha çox stulda oturmaq istəyən, bir neçə ağaya xidmət edən, özünü daha böyük dövlətlərin qarşıdurma arenasına çevirən ölkələr"dəndir və bu cür ölkəyə "…sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir".

Azərbaycan Prezidenti ikinci mühüm məqamı da konkret ifadə edib. İlham Əliyev bəyan edib: "SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar. Qarşımızda bir çox problemlər, çağırışlar durmuşdu. Son 25 ildə əsas çağırışlar arxada qalıb, biz dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik".

Beləliklə, SPECA-nın Bakı Zirvə görüşü bir sıra mühüm geosiyasi və siyasi məqamlarla yadda qaldı. Onları birləşdirən başlıca cəhətlərdən biri SPECA-nın iştirakçı ölkələrinin suveren, müstəqil daxili və xarici siyasət yeridən, səmimi əməkdaşlığa can atan ölkələr olmasının bir daha təsdiqidir. Başqa məqam isə SPECA-nın bu Zirvə görüşünə öncələr həyata keçirilən və regional miqyaslarda maraqlı proseslərlə yadda qalan tədbirlərin məntiqi davamı kimi yanaşılmasından ibarətdir. Bunların regional və qlobal miqyaslarda müsbət təsirlərinin olacağına şübhə yoxdur və Azərbaycanın burada aparıcı rol oynaması qürur verir!


MANŞET XƏBƏRLƏRİ