Xəbər verildiyi kimi, Ukrayna PUA-larının Rusiyanın Tver vilayətindəki nəhəng silah anbarına hücumu nəticəsində böyük partlayış və yanğın baş verib.
Turkustan.az xəbər verir ki, Rusiyanın xüsusi xidmət orqanlarına yaxın “teleqram” kanalları Tver vilayətinin Toropets şəhəri yaxınlığındakı anbarlarda yanğının davam etdiyini yazır.
Həmin “teleqram” kanallarından biri isə Rusiya hərbi rəhbərliyini sərt tənqid edərək, yanan anbarlarda Rusiya üçün olduqca qiymətli və lazımlı “Kinjal” raketlərinin də olduğunu qeyd dib: “Getdikcə mənbələrimizdən daha çox məlumat gəlir. Hazırda əhalinin təxliyyəsi davam etdirilir, alovun genişlənməsi və mərmi parçalarının böyük ərazilərə səpələnməsi təhlükəsi var. Yenilənmiş məlumatlara görə, anbarda S-300 raketləri, minaatanlar üçün minalar, 152 mm-lik artilleriya mərmiləri və onlarla “Kinjal” hipersəs raketləri var idi. Burada kiçik bir zəlzələyə səbəb olan da “Kinjal”ların digər raketlərlə birlikdə partlaması olub. Onların niyə bu arsenala gətirilib digər mərmilərlə birlikdə saxlanması bizim üçün sualdır. Sonuncu “Kinjal”lar buraya bir həftə əvvəl çatdırılıb. Ola bilsin ki, məlumatı düşmənə hərbçilərdən və ya yerli sakinlərdən kimsə ötürüb. Tver vilayətinə Müdafiə Nazirliyinin yoxlaması göndərilib. Yəqin ki, onları həbsə də atmaq yox, güllələmək lazımdır. Böyük Vətən Müharibəsi ruhunda - müharibə qanunlarına görə. Biz bu məlumatları qəsdən açıqlayırıq ki, mərmi və raketlərin düzgün saxlanmamasına görə məsuliyyət daşıyanlar cəzalandırılsın.
Bəli, bir də "PUA-lardan düşən hissələr" haqqında yalan danışmağı dayandırmağın vaxtı gəldi. Səlahiyyətlilər daha nə vaxta qədər “bütün PUA-lar vuruldu” deyəcək və eyni zamanda anbarlardakı partlayışlara görə evakuasiya həyata keçirəcəklər? Buna son qoymağın vaxtıdır”.
Ukrayna mediası isə öz mənbələrinə istinadla yazır ki, Toropetsdəki anbara hücum etmək üçün 100-dən çox Ukrayna PUA-sı cəlb olunub. Nəticə olduqca uğurlu alınıb və qeyd edilir ki, hətta anbarın yerindən qalxan tüstü kosmosdan da görünür. /AzPolitika.info/