Qarabağ hərəkatını davam etdirməməliyik - PAŞİNYAN


Bu gün Ermənistan Ali Soveti tərəfindən Ermənistanın Müstəqillik Bəyannaməsinin qəbul edildiyi gündür.

Müstəqillik Bəyannaməsində həm Türkiyəyə, həm də Azərbaycana qarşı ərazi iddiaları var. Belə ki, Bəyannamə “1915-ci ildə Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda gerçəkləşən soyqırımın tanınması”nı dəstəkləyir. Burada həm qondarma erməni soyıqımı barədə iddialar, həm də Türkiyənin “Qərbi Ermənistan” adlandırılması narazılığa səbəb olub. Ermənilər “Qərbi Ermənistan” dedikdə Türkiyə Respublikasının 6 şərq vilayəti - Ərzurum, Van, Bitlis, Diyarbakır, Harput və Sivası nəzərdə tuturlar.

Bundan başqa Bəyannamədə 1989-cu ildə Ermənistan SSR ilə artıq ləğv edilən Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsinə dair qərara istinad olunur.

Azərbaycan bu müddəaların sülh müqaviləsinə mane yaratdığını bildirir. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan da etiraf edib. Rəsmi Bakı tələb edir ki, Ermənistan Konstitusiyanı dəyişməli və burada Müstəqillik Bəyannaməsinə istinad çıxarılmalıdır.

Turkustan.az-ın məlumatına görə, Nikol Paşinyan bu gün münasibətilə paylaşım edib.

O, həmin dövrün reallıqlarından bəhs edib və indi vəziyyətin dəyişdiyini vurğulayıb.

"Baş nazir postunda mövcud olan məlumatların və reallığın tam və hərtərəfli təhlili məni sarsılmaz bir qənaətə çatdırdı ki, biz Qarabağ hərəkatını davam etdirməməliyik, çünki bu, Ermənistan Respublikasının müstəqilliyinin sonu deməkdir. Bu gün mən də son 7 ilin tarixini anlamaq üçün bəlkə də ən vacib suala cavab vermək istəyirəm.
Niyə Ermənistan Respublikası, bizim hökumət və mən özüm 2020-ci ilin sentyabrına qədər güzəştə getmədik? Bu, 44 günlük müharibədən qaçmaq üçün yeganə nəzəri fürsət idi. Bunun əsas səbəbi o idi ki, həmin güzəştlər nəticəsində bütün təhlükələr və asılılıqlar artacaq, qeyri-mütənasib şəkildə artacaq və Ermənistanın müstəqilliyini və dövlətçiliyini itirəcəkdi.

Biz Ermənistanın müstəqilliyini qoruyub saxlamaq və bu müstəqilliyi reallığa çevirmək üçün strategiya qəbul etmişik və bu strategiyanın ifadəsi Real Ermənistanın ideologiyasıdır ki, bu şəraitdə Ermənistanla Azərbaycan arasında sülh mümkün oldu, bu şəraitdə Türkiyə ilə real dialoq mümkün oldu, Gürcüstan və İran İslam Respublikası ilə münasibətlərimiz dərinləşməlidir", - Paşinyan deyib. /Modern.az/


MANŞET XƏBƏRLƏRİ