Əgər nəticə əldə olunmasa, Tramp Rusiya iqtisadiyyatını çökdürəcək.
Turkustan.az xəbər verir ki, Axios nəşri ABŞ rəsmilərinə istinadən Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında 15 avqustda Alyaskada keçiriləcək görüş ərəfəsində Vaşinqtondakı atmosfer haqqında məlumat yayıb.
Məlumata görə, əgər Tramp bu görüşdə istədiyi nəticəni əldə edə bilməsə, Rusiya iqtisadiyyatını çökdürmək üçün ciddi addımlar atmağa və NATO ölkələri vasitəsilə Ukraynaya silah axınını davam etdirməyə qərarlıdır.
Adı açıqlanmayan bir ABŞ rəsmisi Trampın hələ də Putinə qarşı "qəzəbli" olduğunu bildirib:
"Aylarla Vaşinqtonda ümumi fikir belədir ki, Rusiya iqtisadiyyatını asanlıqla çökdürmək olar. Əgər Tramp bir seçim qarşısında qalsa, tərəddüdsüz bu istiqamətdə hərəkət edəcək."
Rəsmilər Trampın öncə diplomatik həll yolunu sınayacağını, ancaq səylər nəticəsiz olarsa, NATO ölkələrinə silah satışı vasitəsilə Ukraynaya dəstəyi davam etdirəcəyini qeyd ediblər.
Ağ Evdə keçirdiyi mətbuat konfransında Tramp 15 avqustda Putinlə keçirəcəyi görüşdən sonra atəşkəs elan olunacağına ümid etdiyini bildirib:
"Putinlə görüşümün yaxşı keçəcəyini düşünürəm, amma pis də gedə bilər", – deyə Tramp əlavə edib.
O, həmçinin görüşün “çox konstruktiv” olacağına inandığını və Rusiya liderindən müharibəyə son qoymağı xahiş edəcəyini vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az