Nüvə dövlətləri arasında toqquşma - Kim kimi DƏSTƏKLƏYİR...


Hindistan bu gün səhər saatlarında Pakistana hücum edib. Pakistan hücum nəticəsində səkkiz nəfərin həlak olduğunu bildirib və Hindistanın zərbələrinə cavab verdiyini bəyan edib.

Turkustan.az-ın məlumatına görə, nüvə silahına malik iki qonşu ölkə arasında baş verən bu gərginlik beynəlxalq aləmdə narahatlıq doğurub.

Dünya ölkələri tərəfləri təmkinə çağırıb və vəziyyətin daha da pisləşməsinin qarşısının alınmasını istəyiblər.

Azərbaycan Hindistan ilə Pakistan arasında gərginliyin daha da artması ilə bağlı narahatlığını bildirib. Bəyanatda Pakistana qarşı bir neçə mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumlar pislənib. "Pakistan xalqı ilə həmrəy olaraq günahsız qurbanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik. Bütün tərəfləri təmkinli olmağa və münaqişəni diplomatik yollarla həll etməyə çağırırıq", - Azərbaycan XİN-in bəyanatında qeyd olunub.

Türkiyə XİN bildirib ki, Ankara Pakistan və Hindistan arasında baş verən hadisələri narahatlıqla izləyir: “Ötən gecə (6 may) Hindistanın hücumu hərtərəfli müharibə riski yaradıb. Biz mülki şəxsləri və mülki infrastrukturu hədəf alan bu cür təxribatçı addımları və hücumları pisləyirik”.

ABŞ Prezidenti Donald Tramp hadisəyə münasibət bildirərək deyib: "Bu, utancvericidir. Bu haqda indi eşitdim. Deyəsən, insanlar bunun baş verəcəyini az da olsa əvvəlcədən bilirdilər. Onlar uzun zamandır münaqişə içindədilər, onilliklərdir vuruşurlar. Ümid edirəm, bu tezliklə sona çatar."

ABŞ dövlət katibi Marko Rubio isə qeyd edib: "Hindistan və Pakistan arasındakı vəziyyəti yaxından izləyirəm. Bu gün Prezidentin dediklərini təkrar edirəm – ümid edirəm, bu tezliklə bitər və hər iki ölkənin rəhbərliyi ilə sülh yolu ilə həll üçün əlaqə saxlayacağam."

BMT Baş katibi Antonio Quterreşin sözçüsü: "Baş katib Hindistanın Nəzarət Xətti və beynəlxalq sərhəd boyunca hərbi əməliyyatlarından dərin narahatlıq keçirir. O, hər iki ölkəni maksimum hərbi təmkin göstərməyə çağırır. Dünya Hindistan və Pakistan arasında hərbi qarşıdurmanı qaldıra bilməz."

Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayaşi: "22 aprel tarixində Kəşmirdə baş vermiş terror aktını qətiyyətlə pisləyirik. Bununla yanaşı, bu hadisənin qarşılıqlı cavab tədbirlərinə və genişmiqyaslı hərbi münaqişəyə çevrilməsindən dərin narahatlığımızı ifadə edirik. Cənubi Asiyada sülh və sabitlik naminə Hindistan və Pakistanı təmkinli olmağa və dialoqla vəziyyəti sabitləşdirməyə çağırırıq."

Çin Xarici İşlər Nazirliyinin sözçüsü: "Çin Hindistanın bu gün səhər başlatdığı hərbi əməliyyatı təəssüf doğurucu hesab edir. Mövcud vəziyyət bizi narahat edir. Hər iki tərəfi sülh və sabitlik naminə sakit qalmağa, təmkin göstərməyə və vəziyyəti daha da çətinləşdirəcək addımlardan çəkinməyə çağırırıq."

İsrailin Hindistandakı səfiri Reuven Azar: "İsrail Hindistanın özünü müdafiə etmək hüququnu dəstəkləyir. Terrorçular bilməlidir ki, günahsızlara qarşı törətdikləri dəhşətli cinayətlərdən gizlənə biləcəkləri yer yoxdur."

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü: "Pahalgam yaxınlığında törədilmiş terror aktından sonra Hindistan və Pakistan arasında hərbi qarşıdurmanın artmasından dərin narahatlıq keçiririk. Vəziyyətin daha da pisləşməməsi üçün tərəfləri təmkinə çağırırıq."

Fransa xarici işlər naziri Jan-Noel Barro: "Hindistan və Pakistanı eskalasiyadan çəkinməyə və təmkin göstərməyə çağırırıq. Uzunmüddətli qarşıdurmadan heç kim qazanmır. Bu iki ölkə böyük hərbi güclərə malikdir və bu səbəbdən təmkin çağırışımızı bir daha təkrarlayırıq."

Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi: "BƏƏ-nin Baş nazir müavini və xarici işlər naziri Abdullah bin Zayed Hindistan və Pakistana təmkinli davranmağa, gərginliyi azaltmağa və regional və beynəlxalq sülhə təhlükə yarada biləcək eskalasiyalardan çəkinməyə çağırır." /Modern.az/


MANŞET XƏBƏRLƏRİ