Qətərin Milli İnsan Hüquqları Komitəsinin sədri STM-də görüş keçirdi


Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Qətər Dövlətinin Milli insan hüquqları komitəsinin sədri Məryəm bin Abdullah əl Attiyahın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Qətərli qonaq dəvətə görə Mərkəz rəhbərinə təşəkkür edib. Azərbaycan və Qətər dövləti arasında insan hüquqları, onların müdafiəsi ətrafında birgə əməkdaşlıq potensialları müzakirə olunub. Daha sonra Mərkəz rəhbəri qonaqları STM-in həyata keçirdiyi hesabatlar, sorğu sənədləri və digər mühüm fəaliyyət sahələri ilə tanış edib. Zahid Oruc bildirib ki, ictimai rəyin öyrənilməsində, media sahəsində və bütövlükdə Türk Dövlətləri Təşkilatına üzv olan ölkə olaraq, Azərbaycan İslam dünyasının bir parçası olan Qətərlə əməkdaşlığı növbəti məcraya daşımaq niyyətindədir. O, bildirib ki, əməkdaşlıq ediləcək maraq dairələri kifayət qədər çoxdur. Mərkəz rəhbəri eyni zamanda, Ermənistanın Azərbaycana qarşı işğalçılıq və terror siyasətinə toxunub, informasiya savaşında Qətərin dəstəyindən istifadə etmək niyyətini açıqlayıb. Bütövlükdə, Azərbaycanın İkinci Qarabağ müharibəsi, ümumiyyətlə Qarabağ müharibəsi kontekstində qarşılaşdığı problemlərdən, mina terrorundan bəhs edib.


MANŞET XƏBƏRLƏRİ