Tanınmış rəssamdan SƏRT ETİRAZ: Deputatın atasının və bacısının adları...


“Deputat Ülviyyə Həmzəyeva məni sensasiya yaratmaqda ittiham edir”.

Turkustan.az Bakıvaxtı.az-a istinadla xəbər verir ki, bunu Rəssamlar İttifaqının üzvü, rəssam Pəri Miniatür sosial şəbəkədə bildirib.

Ötən həftə sosial şəbəkə hesabında Naxçıvandakı abidələrlə bağlı paylaşım etdiyini deyən rəssam deputat xanımın sərt reaksiyası ilə üzləşdiyini bildirib:

"Paylaşımda bildirmişdim ki, Naxçıvandakı bəzi tarixi abidələri restovrasiya adı ilə "Sobsan" boyaları ilə rəngləyiblər və həmin vaxt Naxçıvan sənətkarları ağızlarına su alıb oturub, həmişəki kimi...Bu paylaşımıma görə deputat Ülviyyə Həmzəyeva məni sensasiya axtarmaqda və Rəssamlar Birliyinin sadə işçisinin zənglərinə belə cavab verməməkdə ittiham etdi. Ülviyyə Həmzəyevanın nəzərinə çatdırım ki, sensasiya axtarmıram. Mən 30 illik əməyi və incəsənətdə xidməti olan bir sənətçiyəm. Mən küçə adamı deyiləm ki, sensasiya ilə haralarasa gəlim".

Deputatla bağlı xatirəsini bölüşən Pəri Miniatür vurğulayıb ki, o vaxtı rəssam Məhəmmədəli Ələkbərovun emalatxanasında işləyəndə anası Ülviyyə Həmzəyevanı hazırlıq üçün yanına gətirib.

"9-cu sinifdə oxuyan Ülviyyə Həmzəyeva saqqızdan balaca güllər düzəltmişdi. O, cins aşırmalı cins ətək geyinmişdi. Bunları ətraflı ona görə danışıram ki, heç kim və heç nə unudulmur. Mən onu bir neçə ay hazırlaşdırdım, daha sonra öz əməyi və Vasif Talıbovun ailəsinin dəstəyi ilə müəyyən yerlərə gedib çıxdı. Belə ki, Rəssamlar İttifaqının sədri və deputat oldu. Hazırda isə Milli Məclisdə Mədəniyyə Komitəsinin sədr müavinidir. Bir dəfə Ülviyyə Həmzəyevanın yoldaşı mənə yazdı ki, Ülviyyənin stilini oğurladığın üçün səninlə danışmır. Və xahiş etmişdi ki, bu söhbət aramızda qalsın. Mən məzun olanda Ülviyyə Həmzəyeva 9-cu sinifdə oxuyurdu. Mən onun stilini necə oğurlaya bilərəm?! Əgər mən sensasiya axtarsaydım, elə bu məsələni ictimailəşdirərdim", - deyə rəssam qeyd edib.

Deputat xanımın Rəssamlar Birliyi ilə bağlı ittihamına gəlincə, Pəri Miniatür Naxçıvanda sərgi keçirmək üçün 2 ildir bu Birliyə müraciət etdiyini və hələ də nədənsə sərgi keçirə bilmədiyini açıqlayıb:

"Sərgi keçirmək üçün Rəssamlar Birliyinə "email" göndərmişəm, Ülviyyə Həmzəyevanın özünə müraciət etmişəm. Hətta ötən ilin yayında deputat xanımla üz-üzə gəlmişik. Çox səmimi danışdıq və mart ayında sərgimin olacağını qərara almışdıq. Mart ayının sonunda Ü. Həmzəyeva sərginin aqibətini soruşdu. Halbuki sərginin gününü Rəssamlar Birliyinin sədri kimi Ülviyyə Həmzəyeva təyin etməli və bununla bağlı mənə məlumat verilməli idi. Mən Naxçıvanda sərgi keçirə bilmirəm. Rəssamlar Birliyində və "Naxçıvan rəssamlarının ensiklopediyası"nda adım yoxdur. Hətta ötən ay haqqımda reportaj hazırlansa da, efirə verilmədi. Naxçıvanda mənə qarşı sərgilənən bu düşmən mövqeyinin səbəbi nədir?!"

Rəssamlar Birliyinin fəaliyyətini tənqid edən P.Miniatür vurğulayıb ki, bu birliyin tərkibində deputat xanımın ailə üzvləri də var. Lakin onun bir rəssam kimi Birliyə salınmamasının səbəbi naməlumdur.

P.Miniatür iddia edir ki, Ü.Həmzəyevanın təqaüdçü atasının və bacısının adları Rəssamlar Birliyində və "Naxçıvan rəssamlarının ensiklopediyası"nda var.

“Onlar tədbirlərdə dövləti təmsil edən sənətçilər kimi təqdim olunurlar. Rəssamlar Birliyindəki rəssamların əksəriyyəti qorxaq və yaltaqdır. Bəziləri isə sadəcə susur”, - deyə Pəri Miniatür qeyd edib.

Pəri Miniatürün dediklərinə deputat Ülviyyə Həmzəyevanın da münasibətini öyrənmək istədik. Deputat bu barədə danışmaq istəmədiyini qeyd etdi.


MANŞET XƏBƏRLƏRİ