“Ailə Məcəlləsinin 30-cu maddəsinə əsasən, kişi və qadın nikaha daxil olarkən öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər”.
Turkustan.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a hüquqşünas Ələsgər Əhmədoğlu deyib.
O, nikaha daxil olan şəxslərin iki soyaddan eyni anda istifadə etməsinin qanuni olduğunu bildirib.
Xatırladaq ki, keçmişdə Azərbyacanda belə bir təcrübə yox idi. Sovet dövründə qızlıq familiyası saxlanılmaqla, ərin familiyasını da götürmək qaydası müstəsna olaraq Rusiya Federasiyasında mövcud olub.
“Bu, artıq qanunvericilikdə nəzərdə tutulub, əvvəllər yox idi. Tərəflər istəsələr əvvəlki soyadlarını saxlaya, istəsələr ortaq soyadı götürə, yaxud iki soyadı birgə daşıya bilərlər. Bu, tamamilə istəyə bağlı seçimdir. Nikaha daxil olarkən müvafiq sənədləri doldurdurduqda anketdə istəyi qeyd etmək lazımdır.
Bundan sonra yeni şəxsiyyət vəsiqəsi verilir və şəxsin istəyinə uyğun götürdüyü soyad, yaxud soyadların hər ikisi sənəddə qeyd olunur.
Sadəcə, praktikada bir problem var ki, bəzən insanlar diplomda yazılan soyada görə çətinlik yaşayırlar. Bu zaman diplomun təsdiq olunması üçün əlavə təsdiqləyici sənədlər almaq lazım gəlir. Ona görə də, ali təhsil alan qadınlar sonradan problem yaşamasın deyə, öncədən olduqları soyadda qalmağı seçirlər. Amma iki soyadın istifadəsi proseduru artıq sadələşdirilib, sadəcə nikaha girərkən doldurduğunuz anket bunun üçün yetərlidir.
Əgər nikaha daxil olanların biri və ya hər ikisi qoşa soyada malikdirlərsə, onların soyadlarının birləşdirilməsinə icazə verilmir. Bundan başqa, yeni soyad kimi heç bir tərəfdə olmayan, fərqli soyaddan istifadə etmək mümkün deyil.
Ümumən prosedur qaydası çox sadədir və heç bir əlavə tələb yoxdur”, - deyə Ə. Məmmədli izah edib.