Xamenei Paşinyanla görüşdə kimə “düşmən” deyib?


Ermənistan Baş naziri Nikol Paşinyanın helikopter qəzasında həlak olan Prezident İbrahim Rəisinin vida mərasimində iştirak etmək üçün 22 mayda Tehrana səfər etməsi və bu ölkənin dini lideri Əli Xamenei ilə görüşü artıq bir müddətdir ki, gündəmdədir.

Turkustan.az xəbər verir ki, Xamenei Paşinyanla görüşdə Tehranla İrəvan arasında münasibətlərə zərər vermək istəyən düşmənlərin olduğunu bildirmişdi. Xamenei vurğulamışdı ki, “həmin sahədə” bəzi məsələlər ehtiyatla həll olunmalıdı.

Erməni mediasının yazdığına görə, Ermənistan görüşlə bağlı rəsmi açıqlamada bu nüansı ümumiyyətlə vurğulamayıb – halbuki İran KİV-i bunu xüsusi olaraq qabardıb.

Erməni ekspertlər iddia edir ki, Ermənistanın görüşlə bağlı yaydığı rəsmi məlumatda bu məqamı vurğulamamasının səbəbi əslində Xameneinin mesajı ilə bağlıdır. Belə ki, İran mütəmadi olaraq bölgədə qeyri-region ölkələrinin varlığına dözməyəcəyi ilə bağlı xəbərdarlıq edib. Xamenei əslində bu sözlərlə Ermənistana yerləşən qeyri-region ölkələrinə görə İrəvana xəbərdarlıq edib.

İran dini liderinin xəbərdarlığının səbəbi də Tehranın son aylar İrəvandan gözləntilərinin doğrulmamasıdır. Ermənistanın ərazi bütövlüyünü özünün “qırmızı xətti” elan edən, Zəngəzur dəhlizinə qarşı Qafanda tələsik konsulluq açıb, bura qüvvələr göndərən, o cümlədən Ermənistana hərbi silah-sursat hədiyyə edən İran həm nəqliyyat, həm də hərbi-siyasi istiqamətdə əməkdaşlıq səviyyəsinin inkişaf etdirilməsini təklif etsə də, Paşinyan hakimiyyəti bunu qəbul etmir.

Bunu təsdiq edən digər fakt Ermənistan parlamentinin müxalif deputatı Tiqran Abramyanın bir müddət öncə Tehrana rəsmi səfərə dəvət edilməsi və burda generallarla qapalı görüşü haqda məlumat yaymasıdır. Abramyan Ermənistana qayıtdıqdan sonra öz sosial şəbəkə hesabında yazmışdı ki, İran Ermənistanla hərbi müttəfiqlik sazişi imzalamağa çalışır və İrəvanın bunu rədd etməsindən narahatdır.

Qərb Ermənistanın İranla yaxınlaşmasına razı deyil və Paşinyan da bunu nəzərə alaraq, Tehranın bir çox təklifindən imtina edir. “Hraparak”ın iddiasına görə, Xamenei məhz buna işarə edərək, “düşmən” deyəndə Ermənistanda yerləşən Qərb ölkələrini nəzərdə tutub.

Digər mühüm məqam isə ABŞ kəşfiyyat rəhbərinin müavini Koenlə bağlıdır. Koenin başçılıq etdiyi böyük nümayəndə heyəti Ermənistana səfər etmişdi və 21 mayda Paşinyanla görüşmüşdü.

Bəzi erməni ekspertlərin fikrincə, Xamenei 22 mayda Paşinyanla görüşdə Koenin səfərinə dolayı etirazını “düşmən” sözü ilə ümumiləşdirib. Ermənistan isə bu mesajı yaxşı anladığı üçün press-relizdə bu məqama heç toxunmayıb.

Xatırladaq ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkini geri çağırmasının səbəbləri sırasında Paşinyanla Koenin görüşünün də olduğu iddiaları var./axar.az/


MANŞET XƏBƏRLƏRİ