"Ermənistan və Azərbaycan arasındakı razılaşma ilk faydalı praqmatik addımdır"- Millət vəkili


Dünən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yaydı. Açıqlamada qeyd olunurdu ki, Azərbaycan Respublikası və Ermənistan Respublikası regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür. İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub.

Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir.

Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edir.

Mövzu ilə bağlı Millət vəkili Cavanşir Feyziyev Moderator.az-a danışdı. Bildirdi ki, bu razılaşmanı Ermənistan siyasi rəhbərliyi tərəfindən münasibətlərin normallaşdırılması istiqamətində atılmış ilk faydalı praqmatik addımdır:

"Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında əldə olunmuş razılaşma üzərində çoxdan israr etdiyimiz bir həqiqətin təsdiqidir. Biz həmişə demişik ki, iki ölkə arasında münasibətlərin normallaşması ilk növbədə tərəflərin özlərindən asılıdır. Bu məsələnin həllinə üçüncü tərəflərin cəlb olunması prosesi daha da ağırlaşdırır və ləngidir. Vasitəçilik missiyası ilə prosesə qoşulmağa çalışan hər bir aktorun öz maraqları var və bir çox hallarda bu maraqlar tərəflərdən birinin və bəzi hallarda isə hətta hər ikisinin maraqları ilə üst- üstə düşmür. Son 3 ildə dünyanın müxtəlif güc mərkəzləri arasında vurnuxan Ermənistan nəhayət ki, bu sadə həqiqəti anlamış kimi görünür. Birbaşa dialoq Azərbaycanla Ermənistan arasında etimad mühitinin möhkəmlənirilməsində və sonrakı tənzimləmə proseslərinin daha sürətli şəkildə baş tutmasında mühüm rol oynaya bilər. İki ölkə arasında diplomatik münasibətlərin qurulması, qarşılıqlı əməkdaşlığa başlanılması bütövlükdə bölgənin xarici təsirlərə müqavimətini artıracaq və Cənubi Qafqaz bölgəsinin öz geo-siyasi bütövlüyünü əldə etməsinə gətirib çıxaracaq. Bu isə öz növbəsində dünya miqyaslı siyasi-iqtisadi proseslərdən bütün bölgə dövlətlərinin, o cümlədən Azərbaycan və Ermənistanın birlikdə və bərabər surətdə faydalana bilməsi üçün zəmin yaradır. Birbaşa dialoq beynəlxalq münasibətlər sistemində çoxdan mövcud olan “Parçala və hökm sür” paradiqmasına qarşı ən etibarlı vasitədir. Bu vasitənin daimi işlək mexanizmə çevrilməsi isə ilk növbədə tərəflərinin siyasi iradəsindən asılıdır. Dünyada etno- siyasi münaqişələrin tənzimlənməsi təcrübəsi onu göstərir ki, post- münaqişə dövründə vasitəçilərin iştirakı ilə tənzimlənən münasibətlər münaqişə tərəflərində “qalib” və “məğlub” sindromunu həll etmir. Birbaşa dialoq isə hər iki tərəfin münaqişədən qalib çıxması təsəvvürünü və görüntüsünü yaratmağa qadirdir. Bu da münaqişə tərəfləri arasında psixoloji- emosional baryerin aşılması üçün çox vacib amildir. Odur ki, bu razılaşmanı Ermənistan siyasi rəhbərliyi tərəfindən münasibətlərin normallaşdırılması istiqamətində atılmış ilk faydalı praqmatik addım kimi dəyərləndirirəm".


MANŞET XƏBƏRLƏRİ