Tarixi missiya - Xalqımızın müstəqillik istəyini Heydər Əliyev gerçəkləşdirdi


Aqil Məmmədov/Milli Məclisin deputatı

1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etmişdir. Bunun nəticəsində həmin sessiyada Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edildi. Həmin ilin oktyabr ayının 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi.

Hələ buna qədər - 1990-cı ilin iyulun 22-də Ulu Öndər Heydər Əliyevin Naxçıvana qayıdışı və buradan başlanan milli dirçəliş prosesinin bütün Azərbaycan siyasi mühitində aparıcı hadisəyə çevrilməsi, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılması ilə müşayiət olunmağa başlamışdı.

1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə öz işinə başlayan Naxçıvan Ali Məclisinin sessiyası tariximizdə Azərbaycan dövlətçiliyinin dirçəlişi prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlamətdar oldu.

Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Ali Məclisi müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul etdi. Qərarda, həmçinin Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxması, respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin - bayrağın, gerbin, himnin qəbul olunması təklif edilmişdi. Sessiyada qəbul edilən cəsarətli qərarlardan biri də Naxçıvan Muxtar Respublikasının adından "sovet" və "sosialist" sözlərinin götürülməsi idi.

Azərbaycan Ali Soveti Heydər Əliyevin cəsarətlə başladığı müstəqillik mübarizəsinə təxminən 11 ay sonra hüquqi müstəvidə münasibət bildirərək müstəqillik haqqında Konstitusiya Aktını qəbul etdi. 1991-ci il dekabrın 29-da keçirilən ümumxalq referendumunda xalqımız müstəqillik haqqında Konstitusiya Aktını yekdilliklə dəstəklədi. Bununla da Azərbaycan Respublikasının müstəqillik haqqında Konstitusiya Aktı qüvvəyə mindi və ölkəmiz öz istiqlaliyyətini Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq bərpa etdi.

1993-cü ildən Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə dövlət quruculuğuna start verildi, dövlətçiliyin başlıca prinsipləri formalaşdırıldı, vətəndaşla dövlətin qarşılıqlı mənəvi məsuliyyətinə əsaslanan sosial sabitliyin təməli qoyuldu və dövlət cəmiyyətin bütövlüyünün tam təminatçısına çevrildi.

Heydər Əliyevin dövlətçilik siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı hərtərəfli titanic fəaliyyət nəticəsində Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndi.

Müstəqil daxili və xarici siyasət yürüdən Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, 30 il işğal altında olan torpaqlarımızın azad olunmasına, ərazi bütövlüyümüzün bərpasına gətirib çıxardı.

30 avqust təşəbbüsü ilə başlanan siyasət əbədi olacaq və Azərbaycanı daha da gücləndirəcək!


MANŞET XƏBƏRLƏRİ