Əgər Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistanın tələbi ilə Qarabağda “pisləşən humanitar vəziyyət”lə bağlı fövqəladə iclas çağırarsa, o zaman Azərbaycanın öz əraziləri vasitəsilə bütün humanitar yardımların daşınmasını tənzimləmək üçün suveren hüququnu tanımalı, dəstəkləməli və Ermənistanın “yeganə yol” manipulyasiyasına və "sızlaması"na son qoymalıdır.
Turkustan.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Azay Quliyev Feysbuk səhifəsində paylaşıb.
Deputatın sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının belə mövqeyi beynəlxalq hüquqa, xüsusən də Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyən 1993-cü il tarixli məlum 4 qətnaməsinə tam uyğun olardı.
"BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul ediləcək hər hansı mümkün qərar və ya bəyanat həm də təhlükəsizlik şurasının bütün üzvləri, xüsusən də davamlı sülh, barışıq və firavanlığa nail olmaq üçün Ermənistan və Azərbaycan arasında sülh müqaviləsini müdafiə edən və vasitəçi rolunu oynayan ABŞ və Aİ üçün Cənubi Qafqazda yuxarıda qeyd olunan prinsiplər əsasında böyük sınaq olacaq.
Və xatırladaq ki, 2014-cü ildə BMT Təhlükəsizlik Şurası Rusiya Federasiyasının Ukraynanın Donetsk vilayətinə humanitar yardımların onlarla konvoyla çatdırılması tələbini haqlı olaraq rədd etmişdi. Bu yardımların Ukrayna tərəfindən razılaşdırılmadığına və ya icazə verilmədiyinə, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş tərəfli fəaliyyət olduğuna istinad etmişdi.
Gəlin gözləyək, görək, BMT Təhlükəsizlik Şurası və onun üzvü olan ölkələr üçün beynəlxalq hüquq və birgə paylaşılan dəyərlər Azərbaycana gələndə nə deməkdir", - deputat qeyd edib. (modern.az)