Aləmdə səsi olan Əzizə Cəfərzadə


Aynur Turan

(əvvəli BU LİNKDƏ)

Əzizə xanım bir sıra xarici müəlliflərin o cümlədən S.Smirnovun “Brest qalası”, Ş.Rəşidovun “Güclü dalğa”, A. Lixanovun “Mənim generalım”, Ə.Kabaklənin “Əjdaha daşı”, S.Çokumun “Bizim diyar” və sair əsərləri ana dilimizə tərcümə etmiş, bir çox kitabın redaktoru olmuşdur.

Fioloji elmlər doktoru professor Əzizə Cəfərzadə bir sıra kitabların müəllifidir. İlk kitabı 1963-cü ildə “Natəvan haqqında hekayələr” adı ilə çapdan çıxmışdır. Bundan sonra yazıçının “Sahibsiz ev”, “Əllərini mənə ver”, “Qızıl sahilə səyahət” və başqa hekayə və povestləri də kitab halında nəşr edilmişdir. Azərbaycan tarixindən bəhs edən romanlar ümumi “Şirvan” başlığı ilə məlum olan trilogiyanın birinci hissəsi “Vətənə qayıt” oxuculara təqdim olunmuşdur. Yazıçının əlimizdə olan kitablarından biri “Sahibsiz ev”dir. Hamı tərəfindən sevilən və birmənalı qarşılanan “Sahibsiz ev” kitabı hekayələr toplusudur. İnsanlara nümunə, örnək ola biləcək bu kitab ailə-məişət zəmnində yazılan bir kitabdır.

Əzizə Cəfərzadənin daha bir kitabı “Vətənə qayıt” adlanır. “Aləmdə səsim var” romanı isə trilogiyanın ikinci hissəsidir. Roman XIX əsrin böyük şairi və maarifçisi Seyid Əzim Şirvanin həyatından bəhs edir. Şairin maarifə, məktəb açmağa meyl göstərməsi Şirvanda baş verən əhvəlatlarla bağlı bir şəkildə qələmə alınmışdır. Romanda Seyid Əzim Şirvanin bir maarifçi kimi formalaşması o dövrün səciyyəvi hadisələri fonunda göstərilir. Əzizə Cəfərzadənin Azərbaycanın üç görkəmli sənətkarlarının həyatından bəhs edən trilogiya yazdığı oxuculara məlumdur. Trilogiyada “Vətənə qayıt” XVII əsrin sonu, XVIII əsrin əvvəllərində Nişat Şirvanin, “Aləmdə səsim var mənim” XIX əsrin görkəmli maarifçi şair Seyid Əzim Şirvanin və “Yad et məni” adlı üçüncü hissədə isə XX əsrin əvvəllərində yazıb-yaradan Abbas Səhhətin həyatı fonunda baş verən hadisələr qələmə alınmışdır. “Vətənə qayıt” romanı həmin trilogiyanın birinci hissəsidir. Kitaba yazıçının “Əllərini mənə ver...” povesti də, daxil edilmişdir. Bundan əlavə Əzizə Cəfərzadənin 1980-ci ildə işıq üzü görmüş daha bir kitabı “Yad et məni” adlanır. Səmimi dostluqdan, məişət problemlərindən, insana xas olan müsbət xüsusiyyətlərin ön plana çəkilməsi bu kitabın ana xəttinə çevrilmişdir.

Görkəmli yazıçının 1992-ci ildə nəşr olunan kitabı “Eldən-elə” adlanır. Romanda XVIII əsrin əvvəlində yaşamış, ədəbiyyatımıza “Riyozüs-səyahə”, “Büstanüs-səyahə” və bu kimi olduqca qiymətli əsərlər bəxş etmiş Hacı Zeynalabdın Şirvaninin həyatından bəhs olunur. Yazıçı bu əsəri ilə oxucunu azərbaycanlı səyyahın əsərləri və onun təxəyyülü əsasında həyatı ilə tanış edir. Əzizə Cəfərzadənin 1998-ci ildə oxucu görüşünə gələn kitablarından biri də “İşığa doğru” romanı yazıçı Əzizə Cəfərzadənin sayca otuz üçüncü kitabıdır. Bu əsər ədibin “Zərrintac-Tahirə” romanının bir növ davamıdır. Romanda XIX yüzilliyin ikinci yarısında Azərbaycanda İrandan nəşəm edən babilik, bəhauluk dini cərəyanının yayılması ilə əlaqədar olaraq fanatizm qurbanları, xüsusilə Nəsrəddin şah dövründə Cənubi Azərbaycanda binəsiblərin bir parça çörək ümidi ilə müxtəlif dini məzhəblərə qoşulmaları diqqət mərkəzinə çəkilir. Müəllif belə bir qənaətə gəlir ki, zülm, istibdad, dərəbəylik olan ölkələrdə binəsiblərin istismarı davam etdikcə mübarizə də davam edəcək, insan daim işığa doğru can atacaqdır.

Əzizə Cəfərzadənin oxuculara təqdim olunan yeni kitablarına 1938-ci ildə Bakıda törədilən və millətə qarşı çevrilmiş cinayətkar hadisələrdən bəhs edən “Xəzərin göz yaşları” romanı və “Xəyalım mənim” adlı povesti daxil edilmişdir. Kitab “Biz Cəfərzadələr” adlanır. Kitaba yazıçı, professor Əzizə Cəfərzadənin bir nəslin tarixi fonunda XIX-XX əsrlərdə Azərbaycan məkanında baş verən mühüm hadisələri əks etdirən “Rübabə Sultanım” romanı, filologiya elmlər doktoru Məmməd Cəfarzadənin “Biz Cəfərzadələr” bioqrafik yazısı və şeirləri, filologiya elmlər doktoru Əhməd Cəfərzadənin “Adsız qəhrəmanlar” povesti və “Eşitdiklərim, gördüklərimdən yadımda qalanlar” yazısı daxil edilmişdir. Bu kitab Əzizə xamım Cəfərzadənin 80 illiyinə oğlu Turanın hədiyyəsidir.

Azərbaycan elmi qarşısında böyük xidmətlər göstərən Əzizə Cəfərzadə istər klassik Azərbaycan ədəbiyyatının, istərsə də şifahi ədəbi irsimizin öyrənilməsi sahəsində durmadan işləyib. İş burasındadır ki, alim Əzizə Cəfərzadənin elmi axtarışları yazıçı Əzizə Cəfərzadəyə böyük təsir göstərib. Yazıçının bütün əsərlərində Azərbaycan dilinin saflığı özünü göstərir. O, vətəndaş olaraq dil uğrunda apardığı mübarizədə həmişə qalib olub. Onun digər üstünlüyü isə ədəbi və elmi yaradıcılığı pedaqoji fəaliyyətlə əlaqələndirə bilməsindədir. Elmi tədqiqatçı kimi bir sıra aşıq və şailərin əsərlərini toplayıb çap etdirib. “Fatma xanım Kəminə” (1971), “Könül çırpıntıları” (1972), “Azərbaycanın aşıq və şair qadınları” (1974, 1991), “Azərbaycanın şair və aşıq qadınları” (II nəşr 2003), “Şirvanın üç şairi” (1971), “Mürcüm Kərim Vardani. Sünbülüstan” (1978), “Abdulla Padarlı. Seçilmiş əsərləri” (1979), “Hər budaqdan bir yarpaq” (1983) kitabları yazıçıya heç də bədii əsərlərindən az şöhrət gətirməyib. Onun həyatına nəzər saldıqda məəttəl qalmaya bilmirsən. Elə bil ki, Əzizə Cəfərzadə günün 24 saatını yazıb. Halbuki pedaqoji fəaliyyət, elmi axtarışlar, səfərlər, tərcümələr və ictimai fəaliyyəti heç vaxt kölgədə qoymayıb. Bütün işlər bir-birinə paralel şəkildə, vaxtlı-vaxtında çatdırılıb. Bir sözlə, yazıçı zamanı özünə uyğunlaşdıra bilib. Həm də Əzizə Cəfərzadə təkcə tarixi romanlar yazmayıb. Yazıçının “Sahibsiz ev” (1966), “Əllərini mənə ver” (1970), “Sənsən ümidim” (1984), “Xəyalım mənim” (2002) əsərləri geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanıb. Uşaqları yaddan çıxarmayan Əzizə Cəfərzadə “Qızımın hekayələri” (1964), “Anamın nağılları” (1982), “Çiçəklərim” (1988), “Pişik dili” (2001) kimi hekayələr və nağıllar yazıb. Ana və qadın mövzusu onun əsərlərində həmişə qabardırılıb. Bununla da o, mənsub olduğu xalqın zərif cinsinin nümayəndələrinin müsbət keyfiyyətlərini, hiss-həyəcanlarını, mübarizliyini dünya oxucularına çatdırırdı. Yazıçı həm də bədii ədəbiyyatla kifayətlənməyib, yüzlərlə məqalə, oçerk, elmi-publisistik məqalələr yazaraq yerli və xarici mətbuatda çıxışlar edib. Folklorumuzun vurğunu olan Əzizə xanım “Bayatı düşüncələrim”, “Xızır Nəbi”, “Novruz” və başqa etnoqrafik yazıları ilə Azərbaycan xalqının milli adət-ənənələrini özündə əks etdirən böyük yazılarla daima mətbuatda çıxış edib. Türkiyə, İran, İsrail, Malayziya, Sinqapur, Hindistan, Kipr, Suriya və keçmiş Yuqoslaviya respublikalarında iştirak etdiyi beynəlxalq tədbirlərdə Azərbaycan və onun tarixi haqqında danışıb. Əzizə Cəfərzadə olduğu bütün ölkələrin kitabxanalarında yazdığı tarixi əsərləri ilə bağlı faktlar toplayaraq, romanlarında istifadə edib. Onun səyahət gündəlikləri oxucu üçün olduqca maraqlıdır. Olduğu bütün ölkələri əsərləri, yazıları ilə ədəbiyyatımıza gətirməkdən yorulmayıb. Öz şəxsi həyatı bu xanımın özü üçün heç vaxt maraqlı olmayıb. Çox nadir halda qadınlar bu yolu tutur. Həm də parlaq biznes fəaliyyəti və ya hansısa siyasi baxışlar üçün deyil, sırf ədəbi yaradıcılığı üçün bu addımı atanlara az rast gəlinir. Əzizə xanımın alnına bir də “qara qitə”də yaşamaq yazılıb. 1965-1966-cı illərdə pilot olan həyat yoldaşının işi ilə bağlı Qanaya (Afrikaya) gedib. Həmin illərdə Qanada yaşayan yazıçı xanım yaradıcılığından orada da əl çəkməyib. Onun səfər gündəlikləri 1968-ci ildə çap olunan “Qızıl sahilə səyahət” xatirət kitabında toplanıb. Kitabda yazıçı afrikalı insanların həyat tərzini, fəaliyyətlərini, kənardan görünə bilən və bilinməyən tərəflərini məharətlə təsvir edib. Bütün ömrünü Azərbaycan ədəbiyyatının tarixinə və onun araşdırılıb, geniş ictimaiyyətə çatdırılmasına həsr edən Əzizə Cəfərzadə 2003-cü ildə çevrilib geriyə – özünün gənclik illərində baş verən hadisələrə baxıb. “Xəzərin göz yaşları” adlı povestində yazıçı 1938-ci ildə Azərbaycanda yaşayan Cənubi azərbaycanlıların Stalin rejimi tərəfindən 3-4 gün ərzində İrana məcburi deportasiyasını olduğu kimi qələmə alıb. Əzizə Cəfərzadə şərqin dühası Məhəmməd Füzulini gözəl bilirdi. Onun son əsəri də elə bütün ömrü boyu axtarışında olduğu Füzuli həyatından bəhs edir. Ölümündən bir az əvvəl bitirdiyi “Eşq sultanı” romanı böyük Azərbaycan şairi Məhəmməd Füzulinin həyatı haqqındadır. Əzizə Cəfərzadə 1981-89-cu illərdə Respublika Qadınlar Şurasının sədri vəzifəsində işləyib. Tutduğu sosial statusdan asılı olmayaraq, qadın və uşaqların hüquqlarının qorunması sahəsində aktiv fəaliyyət göstərib. Özünü Azərbaycana həsr edən yazıçı xanım dəfələrlə respublikanın ən ucqar rayon və kəndlərinə gedərək, millətin tarixi, insanların taleyi ilə tanış olub və rastlaşdığı problemlərin həllində yaxından iştirak edib. O, həm də xeyriyyəçi kimi sıravi vətəndaşların sevgisini qazanıb. 1979-cu ildə kitablarından qazandığı qonorar hesabına Hacıqabul rayonunun Tağılı kəndində orta məktəb və klub binası tikdirib. Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağda erməni separatizmi baş qaldıranda ilk səsini ucaldan ziyalılar arasında Əzizə Cəfərzadə də vardı. Yazıçı dəfələrlə ön cəbhəyə gedərək, əsgərlərlə görüşüb, onlara ana nəvazişi göstərib. Xalqına bağlı olan xanım yazıçı xalqından ən böyük adı–“Azərbaycan Anası” adını ömrünün 80-ci ilində alıb. Onun həyatı digər həmkarlarından fərqlənib. O, qadınlardan daha çox kişi kimi mübarizə aparıb. Həmişə mənsub olduğu xalqın içində olub. Öz dediyinə görə, həyatda yalnız bir dəfə xoşbəxtliyin nə olduğunu dadıb. “Xalqlar həbsxana”sının dağılmasından sonra Kirovun Bakının Dağüstü Parkındakı “Çalağana” bənzəyən heykəlinin uçurulduğu gün Əzizə Cəfərzadənin həyatında ən xoşbəxt olduğu gündür! Bunu o özü dəfələrlə, bezmədən deyib. Onun haqqında keçmiş zamanda danışmaq ağır olsa da, təəssüf ki, əbədi ayrılığın bir qüssəsi həmişə bizimlədir. Azərbaycanın xalq yazıçısı, Azərbaycan xalqının yazıçısı Əzizə Cəfərzadə 4 sentyabr 2003-cü ildə, ömrünün 82-ci ilində uzun sürən xəstəlikdən vəfat edib. Millətinə düşkünlüyü ilə şəxsi həyatını arxa plana keçirən yazıçı öz vəsiyyətinə əsasən, Hacıqabul rayonunun Tağılı kəndində valideynləri, həyat yoldaşı və qardaşları ilə bir məzarlıqda dəfn edilib. Bu isə onun xalqına ən böyük arzusudur:

“Gələcək nəslimiz üçün sakit, dinc, müstəqil bir Vətən istəyirəm, xoşbəxt bir istiqbal arzulayıram!”

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin bəyanatı

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur


MANŞET XƏBƏRLƏRİ