Azərbaycan Respublikasında növbədənkənar Prezident seçkilərinin keçirilməsi barədə sərəncam imzalanıb.
Ölkə başçısının sərəncamına əsasən növbədənkənar Prezident seçkiləri 2024-cü il fevralın 7-nə təyin olunub.
Xatırladaq ki, Azərbaycan Respublikasında sonuncu Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilmişdi.
Maraqlıdır ki, həmin seçkilər də növbədənkənar olmuşdu. Belə ki, Azərbaycan Konstitusiyasına əsasən 2018-ci ildə Azərbaycan ərazisində Prezident seçkiləri oktyabrın ayının ikinci çərşənbə gününə, yəni oktyabrın 10-na təyin edilməli idi.
Ancaq Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2018-ci il tarixli sərəncamına əsasən, 2018-ci il aprelin 11-də Azərbaycana növbədənkənar Prezident seçkilərinin elan edilməsi qərara alındı.
2018-ci ildə növbədənkənar Prezident seçkilərinin elan edilməsindən sonra bir sıra müxalif siyasi partiyalar seçkilərdə mübarizə aparmayacağını bəyan etdilər.
2018-ci il fevralın 27-də Mərkəzi Seçki Komissiyasının (MSK) baş tutan iclasında namizədliyi Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülən İlham Əliyev ilk namizəd olaraq qeydə alındı.
MSK-nın sonrakı iclaslarında aşağıdakı siyasətçilərin prezidentliyə namizədliyi qeydə alındı:
Namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Zahid Oruc;
Namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev;
Namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) tərəfindən irəli sürülən Araz Əlizadə;
Namizədliyi Azərbaycan Demokrat Partiyası (ADP) tərəfindən irəli sürülən Sərdar Məmmədov;
Namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) tərəfindən irəli sürülən Fərəc Quliyev;
Namizədliyi Müasir Müsavat Partiyası (MMP) tərəfindən irəli sürülən Hafiz Hacıyev;
Namizədliyi "Cəbhəçilər" təşəbbüs qrupu tərəfindən irəli sürülən Razi Nurullayev.
2018-ci il aprelin 11-də keçirilən seçkilərdə İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.
Həmin seçkilərdə namizədlərin topladıqları səslər aşağıdakı kimi qeydə alınmışdı:
İlham Əliyev - 3 394 898 səs (86.02 %);
Zahid Oruc - 122 956 səs (3.12 %);
Sərdar Məmmədov - 119 621 səs (3.03 %);
Qüdrət Həsənquliyev - 119 311 səs (3.02 %);
Hafiz Hacıyev - 59 924 səs (1.52 %);
Araz Əlizadə - 54 533 səs (1.38 %);
Fərəc Quliyev - 45 967 səs (1.17 %);
Razi Nurullayev 29 229 səs (0.74 %).
(modern.az)