İrəvandan görüntü yayan azərbaycanlı sirləri açdı: “Ermənilər orada məni…” – VİDEO


Turkustan.az Globalinfo.az-a istinadla bir müddət əvvəl İrəvana gedib öz ata yurdunda çəkiliş aparması ilə bağlı görüntü yayan hərbi-siyasi ekspert Telman Qasımovla müsahibəni təqdim edir:

– Telman bəy, erməni mediası həmin görüntülərin 2017-ci ildə qeydə alındığına dair məlumat yayıb. Hətta videonu sizə kiminsə göndərdiyini, səsinizi sonradan əlavə etdiyinizi iddia edirlər.

– Bəli, Ermənistan Təhlükəsizlik Xidmətinin son açıqlamasında elə deyilir. Hamısı boş və mənasız söhbətlərdir. Əgər o video doğrudan da 2017-ci ildə çəkilibsə, o zaman niyə həmin illərdə, 44 günlük müharibə zamanı və ya ondan bir neçə gün sonra deyil, 4 gün öncə paylaşmışam?! Mən o görüntüləri çoxdan çəkmiş olsaydım, ən azından müharibə vaxtı paylaşıb Ermənistanda güclü ajiotaj yarada bilərdim.

Bundan əvvəl iddia edirdilər ki, guya videonu 2005-2006-cı illərdə çəkmişəm. Onlar özlərini “təmizə” çıxarmaq üçün belə yalan danışırlar. Azərbaycanlı İrəvana gedibsə, onu səhv çıxarmaq üçün nəsə etməlidirlər. Hələ mənim adımdan “yazışma” da yayıblar. Onlar həmin videonun üzərinə başqa səs də əlavə edə bilərlər. Ermənilərdən hər şey gözləyirəm.

– Bəs bu səfər nə zaman baş tutub?

– Texnologiyanın inkişaf etdiyi bir dövrdə yaşayırıq. İstənilən küçədə, dükanların yanında təhlükəsizlik kameraları olur. Ermənilər elə biliblər ki, mən videonu yaymazdan 3-4 gün öncə orada olmuşam, amma heç bir ağılsız bu işi gördükdən dərhal sonra onu yaymaz. Bu səbəbdən də gözlədim ki, həmin kameralardakı görüntülər avtomatik silinsin, elə yayım. Dəqiq tarixi açıqlamayacağam, lakin əmin olun ki, görüntüləri bu il özüm çəkmişəm. Tarixi açıq şəkildə desəm, onlara hər şeyi öyrənmələri üçün şans yaratmış olaram.

– 35 il az müddət deyil. Nə yaxşı ünvanınızı dəqiq tapa bildiniz?

– 17 il o evdə, məhəllədə yaşamışam. Uşaqlığım orada keçib, məktəbə getmişəm… Hər şey indiki kimi gözümün önündə canlanır. Həm də ora tək yox, uzun illər əlaqəm olan şəxslərlə getmişdim.

– Yəqin, ermənilərlə…

– Bəli, məni orada müşayiət edən şəxslər erməni idi.

– Orada ermənicə danışmısınız. Bəziləri buna görə sizi qınayır.

– Düzü, mən bunu daxili auditoriya üçün hazırlamamışam. Bu, sırf ermənilər üçün hazırlanıb. Normal haldır… Onlara təsir edə bilmək, zərbə vurmaq üçün erməni dilində danışmışam.

– 17 yaşınızda İrəvandan çıxmısınız, 35 ildir, Azərbaycandasınız. Nə yaxşı erməni dilində hələ də sərbəst danışa bilirsiniz?

– Çünki Azərbaycana gəldiyim gündən erməni dilindən istifadə etmişəm, tələbələr hazırlamışam, böyük işlər görmüşəm. Ona görə də səlis danışa bilirəm.

– Yəqin ki, 17 il ərzində erməni dostlarınız olub. Hazırda onlarla münasibətiniz varmı?

– Dostlarım yox, məhlə uşaqları olub. Telefon nömrələrini bilirəm, lakin əlaqə saxlamıram.

– Telman bəy, məhlənizdə uşaqlıq illərinizdən bu vaxta kimi dəyişilməyən nələr qalıb?

– Demək olar ki, hər şey olduğu kimi qalır. O vaxt nəyi necə qoyub çıxmışıqsa, elə də qalıb. Amma təsəvvür edin ki, mənim yaydığım görüntülərdən sonra dərhal qaçıb qarajı, məhəccəri və blokun giriş qapısını boyayıblar. 5-ci mərtəbədə isə blokun pəncərəsinin barmaqlıqlarını dəyişiblər. Bunu niyə ediblər, anlamıram. Guya yalandan nəyisə sübut etməyə çalışıblar. Daha anlamırlar ki, mən ora 3-4 gün öncə deyil, bu il getmişəm.


MANŞET XƏBƏRLƏRİ