Xəbər verdiyimi kimi, bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində maqnitudası 5.6 olan zəlzələ baş verib.
Belə ki, zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub.
Zəlzələ təxminən 15-20 saniyə davam edib. Zəlzələnin olacağı barədə mobil telefonlara öncədən bildiriş də gəlib.
Zəlzələ ocağının dərinliyi 68 km-dir.
Qeyd edək ki, zəlzələnin daşınmaz əmlak bazarına qısamüddətli də olsa, təsirləri olacaq. Belə ki, həyət evlərinə alıcıların tələbatı artacaq. Tələbat artdığına görə, həyət evlərinin qiyməti nisbətən bahalaşacaq. Hündürmərtəbəli binalara isə tələbatın azalacağı gözlənilir. Bütün bunlar qısa müddət ərzində baş verəcək.
Maraqlıdır, təbii fəlakət əmlak bazarına mənfi təsir göstərəcək və müəyyən mənada həyət evlərinə tələbatı artıracaq?
Məsələ ilə bağlı daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev "Cebhe.info"-ya açıqlamasında bildirib ki, zəlzələyə görə ev almaq istəyən şəxslər gözləməli olacaqlar:
"Baş verən zəlzələ heç bir dağıntıya səbəb olmadı. Buna görə də zəlzələnin əmlak bazarında qiymətlərə necə təsir edəcəyini indidən demək tezdir. Bunun üçün bir neçə həftə keçməlidir. Sadəcə zəlzələnin bina evlərində daha çox hiss edilməsi ilə əlaqəli olaraq ev almaq istəyən şəxslər zəlzələnin təsirlərinə görə bir müddət gözləyəcəklər".