30 noyabr tarixində Azərbaycan-Ermənistan sərhədində baş nazirin müavini Şahin Mustafayev və həmkarı Mher Qriqoryanın sədrliyi ilə delimitasiya üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın görüşü keçirildi.
Bəzi ekspertlər hesab edir ki, sayca beşinci olan görüşü ümumi mənada müsbət qiymətləndirmək olar. Xüsusilə bu qənaətdə olanlar bunu tərəflərin delimitasiya məsələlərinin müzakirəsini davam etdirmək ilə bağlı razılığa gəlməsi ilə əsaslandırır.
Maraqlıdır, 8 kəndi necə azad edəcək? Azərbaycan leqal ərazisi olan bu əraziləri Ermənistan xişluqla qaytarmasa, daha bir lokal antiterror tədbiri keçirilə bilərmi?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, sərhədlərin delimitasiya və demarkasiyası qısa zamanda həll ediləcək bir məsələ deyil:
Qabil Hüseynli
“Ümumiyyətlə bu prosesin həlli istiqamətində konkret beynəlxalq təcrübə var. Bununla belə, bu gün dünyanın bir çox ölkələri sərhəd problemləri yaşayır. Xəritəyə diqqətlə baxdıqda bəzi ölkələrin ərazilərini konkret xətkeş ilə çəkildiyini görmək olar.
Bu daha çox 19-cu əsrdə Avropada qarşı-qarşıya gəlməmək üçün imperialist ölkələrin atdığı müstəmləkələrin sərhəd xəritələridir. Bu xəritələr çəkiləndə ərazinin etnik tərkibi, din faktoru nəzərə alınmayıb. Təsadüfi deyil ki, bu gün Afrika ölkələrində buna görə problemlər var.
Azərbaycanın Ermənistanla vəziyyəti isə daha fərqlidir. Ümumiyyətlə SSRİ respublikaların xəritələrini məqsədyönlü şəkildə belə qəliz və problemli etdi ki, hər zaman bu ölkələrin işlərinə müdaxilə edilə bilsin. Bu gün SSRİ olmasa da Rusiya eyni şeyi edir.
Hesab edirəm, sərhədlərin delimitasiya və demarkasiyası mümkündür. Axı bunun üçün vaxt lazımdır. Xüsusilə bu kimi iclasların keçirilməsi olduqca vacibdir. Çünki ortada bir danışıq var və bu danışıqlar vasitəçi olmadan aparılır. Vasitəçi olmadan aparılan danışıqlar daha faydalıdır”.
Politoloq Azərbaycanın 8 kəndi üçün lokal antiterror əməliyyatlarına başlama ehtimalları haqda danışıb:
“Hazırda belə bir məsələ gündəmdə deyil. Ölkə başçısı və rəsmilərin açıqlamaları da bunu deməyə əsas verir. Lakin bütün ehtimalları da nəzərə almaq lazımdır. Yəni Ermənistan tərəfi delimitasiya və demarkasiya prosesindən imtina edərsə, ya da proses dalana dirənərsə, şübhəsiz, rəsmi Bakı da lazım olanı edəcək”.
Globalinfo.az-ın şərhi
Son günlər Qazaxın 7, Naxçıvanın Kərki kəndi (cəmi 8 kənd) ilə bağlı mediada, siyasi çevrələrdə müzakirələr yenidən aktivləşib. Ermənistanın işğal etdiyi bu yaşayış massivləri Azərbaycanın leqal əraziləridir. Ermənistan baş naziri Nikol Paşinyan dəfələrlə bildirib ki, Azərbaycanın 86 600 kv. km suveren ərazisini tanıyırlar. Həmin 8 kənd də 86 600 kv. Km əraziyə daxildir. Ona görə də Azərbaycanın beynəlxalq hüquqla tam haqqı var ki, o kəndləri geri qaytarsın. Ermənistan o əraziləri xoşluqla qaytarmasa, Azərbaycan Ordusu gedib həmin kəndlərə daxil olacaq. Xankəndi, Ağdərə, Xocalı, Xocavənd nümunəsində olduğu kimi. Azərbaycan dövlətinin bir fərqi ondadır ki, antiterror tədbirləri zamanı dinc insanlara toxunulmur, mülki obyektlərə zərər vurulmur. Leqal hərbi obyektlər zərərsizləşdirilir. 19020 sentyabr antiterror tədbirlərindən sonra Ermənistanın hərbi müqavimət göstərəcəyi ağlabatan görünmür. Yəqin çox keçməz, Azərbaycan 8 kəndi də faktiki olaraq özünün suveren ərazisinə daxil edə biləcək.