Hazırda Azərbaycanla Ermənistan arasında sülh prosesinə maneə olacaq heç bir mürəkkəb məsələ yoxdur. Tərəflərin indiyə kimi müzakirə etdikləri müqavilə layihəsində beynəlxalq öhdəliklər öz əksini tapıb. Bu da bir-birinin ərazi bütövlüyünü, sərhədlərini tanımaqla bağlıdır. Tərəflər bundan sonra bir-birinə qarşı ərazi iddiası irəli sürməyəcək və daxili işlərinə qarışmayacaq kimi vacib şərtlərdə də razılıq əldə edib.
Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.
“Mövcud kommunikasiya xətləri bərpa edildikdən sonra münasibətlər normallaşacaq. İki ölkə arasında diplomatik əlaqələr qurulacaq. Eyni zamanda Ermənistanın Türkiyə ilə də əlaqələri bərpa olunacaq. Ona görə də, burada mürəkkəb bir şey yoxdur”, - deyə o qeyd edib.
Politoloq hesab edir ki, burada əsas şərt Ermənistanın beynəlxalq hüquqa uyğun olmayan iddialarından əl çəkməsidir:
“Ermənistan son müharibənin nəticəsi olaraq həmin iddialarından əl çəkir. Bu, ərazi iddiaları, müstəsna hüquq və s-dir. Qarşı tərəf bu iddialarından imtina etdiyi halda Azərbaycan prosesdə heç bir problem görmür. Çünki Azərbaycanın Ermənistana qarşı ərazi iddiası və başqa tələbləri yoxdur”.
Zərdüşt Əlizadəyə görə, anklavlar və Zəngəzur dəhlizinin açılması məsələsi sülh razılaşmasından sonra da öz həllini tapa biləcək:
“Bu texniki bir prosesdir. Yəni, həyatı məsələ deyil. Azərbaycan və Ermənistan üçün da yanaşma belədir. Delimitasiya komissiyası bu məsələləri müzakirə edib addım-addım bu prosesdə irəliləyişə nail olunacaq”.
Qeyd edək ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan yaxın 15 gün ərzində Azərbaycanla Ermənistan arasında sülh sazişini imzalamağın mümkün olduğunu bildirib.
Simonyan bütün fundamental məsələlərdə razılığa gəlindiyini söyləyib.