ABŞ 2026-cı ildən Almaniyada hazırda Avropanın hər hansı bir yerində yerləşdirilən silahlardan daha uzunmənzilli yeni silahlar yerləşdirməyə başlayacaq.
Bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən yayılan ABŞ və Almaniyanın birgə yazılı bəyanatında deyilir.
Məlumatda 2026-cı ildən başlayaraq Almaniyadakı bölmələrin SM-6 (çoxməqsədli raketlər), Tomahawk (kruiz raketləri) və hazırda Avropada yerləşdirilənlərdən əhəmiyyətli dərəcədə daha geniş diapazona malik eksperimental hipersəs sürətinə malik raketlərdən ibarət yeni silahlarla təmin edəcəyi bildirilir.
Məlumatda həmçinin bu silahlandırmanın gələcəkdə də davam etridiləcəyi bildirilir.
Hazırda Kreml bu məsələyə ciddi reaksiya verib. Rusiyanın dövlət rəsmiləri bəyan ediblər ki, Moskva buna adevkat cavab olaraq ölkənin Avropa ilə sərhəd ərazilərində ballistik raketlərini yerləşdiricək.
ABŞ-nin Almaniyada ballistik raketlər yerləşdirməsi Rusiya ilə NATO arasında qarşıdurmanı daha da gücləndirəcək, nəticədə Avropanın təhlükəsizlik sistemi üçün ciddi problemlər yaradacaq.
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli “Cebheinfo.az”-a şərhində qeyd edib ki, ABŞ-nin Almaniyada yeni ballistik raketlərini yerləşdirməsi ilə bağlı planı Kremldə ciddi narahatlıq yaradıb:
“Kreml bəyan edib ki, belə bir halın baş verəcəyi təqdirdə Rusiya da buna bənzər adevkat addımlar atacaq. Kremldə hesab edirlər ki, əgər ABŞ Almaniyada ballistik raketlərini yerləşdirərsə, Rusiyanın şəhərləri və önəmli strateji obyektləri həmin raketlərin hədəfində olacaq.
Buna görə də Moskva zəruri ehtiyat tədbirləri görməyə hazırlaşır. Məhz ABŞ-nin Almaniyada yeni raketlərinin yerləşdirilməsi Rusiya-Almaniya, Rusiya-ABŞ və Rusiya-NATO münasibətlərinin daha da gərginləşməsinə səbəb olacaq.
Böyük ehtimalla, Rusiya adevkat tədbirlər görərkən ABŞ ilə müttəfiq olan Almaniya və Aİ-nın üzv ölkələrini hədəfə alacaq. Bu da Avropanın təhlükəsizlik sistemi üçün ciddi problemlər yaradacaq”.
Onun sözlərinə görə, yalnız Donald Trampın ABŞ-nin prezidenti seçilməsi Rusiya-NATO qarşıdurmasının qarşısını ala bilər:
“Əgər Donald Tramp bu ilin noyabrında keçiriləcək prezident seçkilərində qalib gələrsə, ABŞ-nin Almaniyada yeni raketlərini yerləşdirməsi planı gündəmdən çıxa bilər. Donald Tramp Rusiya ilə qarşıdurmanın yox, münasibətlərin normallaşmasının tərəfdarıdır. Tramp bu mövqeyi ilə bağlı kifayət qədər bəyanatlar verib”.
Avropanın təhlükəsizlik sisteminin bundan sonrakı vəziyyətinə gəlincə, politoloq vurğulayıb ki, Avropanı qarşıdakı illərdə ağır və ciddi problemlər gözləyir:
“ABŞ Almaniyada yeni raketlərini yerləşdirmək planından əl çəksə belə, Avropanın təhlükəsizlik sistemi həssas olaraq qalacaq. Tramp öz bəyanatlarında dəfələrlə bəyan edib ki, o, yenidən prezident seçiləcəyi təqdirdə Vaşinqton Avropanın və Avropa ölkələrinin təhlükəsizlik sisteminin təmin olunmasına diqqəti azaldacaq.
Tramp bunu onunla izah edir ki, Avropa ölkələri öz təhlükəsizlik maraqlarını ABŞ-nin maliyyəsi hesabına təmin edir. Yəni Tramp açıq şəkildə diqqətə çatdırıb ki, o, Avropa ölkələrini istənilən təhlükədən qorumaq niyyətində olmayacaq və Avropa ölkələri öz təhlükəsizliyi barədə özləri tədbir görməlidirlər”.
Sonda E.Xalidbəyli bildirib ki, Trampın əsas ABŞ-nin qlobal hegemonluğunu qorumaqdır:
“Donald Trampın əsas hədəfi NATO və Aİ ilə ortaq fəaliyyət yürütmək deyil, ABŞ-ı qlobal dünyada daha da möhkəmləndirmək və yeni hərbi-strateji təhlükəsizlik sistemini müəyyən etməkdir”.