Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”


ABŞ Nümayəndələr Palatası və Senatı tərəfindən Ukraynaya yardım məsələsi təsdiqlənəndən sonra Moskva və Ağ Ev yenidən bir-birinə qarşı nüvə təhdidlərini gündəmə gətirməyə başlayıb.

Bu günlərdə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bəyan edib ki, ABŞ Rusiyanın nüvə gücünə malik peyk silahları hazırladığına əmindir.

“Birləşmiş Ştatlar Rusiyanın nüvə başlığı daşıya bilən peyk hazırladığına inanır”, – deyə Sullivan Ağ evin mətbuat xidmətinin yaydığı bəyanatda bildirib.

O əlavə edib ki, buna Rusiyanın ABŞ və Yaponiyanın kosmosda nüvə silahının yerləşdirilməməsi ilə bağlı təklif etdiyi qətnamə layihəsinə veto qoyması da işarə edir. Öz növbəsində Qərbdə də Rusiyaya sərhəd Polşa ərazisində nüvə obyektlərinin yerləşdirməsi fikirləri səslənir.

Bir sözlə, son zamanlar ABŞ-la Rusiya bir-birini artıq nüvə silahı ilə təhdid etməyə yenidən start veriblər.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, ən kritik anda tərəflərdən birinin nüvə başlıqlarına əl atması ehtimalı istisna edilmir:

“Hazırda vəziyyət son dərəcədə gərgindir ki, bu da özünü çox kəskin tempdə büruzə verir. Nüvə silahından istifadə məsələsi heç də zarafat məsələ deyil, son dərəcədə ciddi tendensiyadır. Təzadlar və maraqların toqquşması o dərəcəyə gəlib çatıb ki, artıq ABŞ, NATO, Rusiya və onun müttəfiqləri ən arzuolunmaz döyüş ssenarisinə belə hazırlaşırlar.

Ukrayna müharibəsi ümumi nizamı dağıda biləcək bir partlayıcı maddədir.

O, sona qədər yansa, həqiqətən də, böyük fəlakət qaçılmaz olacaq. Hələlik isə tərəflər çalışırlar ki, nüvə məsələsini cilovlasınlar. Amma ABŞ Ukrayna müharibəsinin dayandırılmasında maraqlı deyil. Çünki məqsədi Rusiyanı kifayət qədər zəif duruma salmaq, çökdürməkdir. Lakin Rusiyanın da strateji resursları, ərazisi böyükdür.

Prosesin son nöqtəsi olmalıdır və düşünürəm ki, bu da Amerikada olacaq Prezident seçkilərilə bitəcək. Ən kritik nöqtə kimi son məqamda tərəflərdən biri “ya vəlvələ, ya da zəlzələdən” nüvə başlıqlarına əl ata bilər. Ona görə də diplomatiya dinc oturmamalı, təhlükənin qarşısını almalıdır”.


MANŞET XƏBƏRLƏRİ