Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bəyan edib ki, onun ölkəsi ilə NATO arasında birbaşa münaqişə təhlükəsi var və bu, III Dünya müharibəsinə çevrilə bilər.
Turkustan.az xəbər verir ki, Medvedyev “Telegram” kanalına verdiyi açıqlamada ABŞ Prezidenti Cozef Baydenin Ukraynaya yardım da daxil olmaqla 105 milyard dollarlıq büdcə tələbinin Senatda rədd edilməsini dəyərləndirib.
Bayden administrasiyasının Konqresi şantaj etdiyini və bunun ABŞ tarixində yeni bir şey olmadığını iddia edən Medvedyev deyib:
“Əvvəllər heç vaxt parçalanma mərhələsində olan kiçik bir dövlət üçün bu qədər pul istənilməmişdi. ABŞ Prezidentini və onun ailə üzvlərini korlayan bir ölkə üçün heç vaxt bu qədər aqressiv və həyasızcasına pul istənilməmişdi. “Kuba raket böhranı” və Rusiya ilə NATO arasında III Dünya müharibəsinə dönüşə biləcək birbaşa münaqişə təhlükəsi heç vaxt bu qədər real olmayıb”.
ABŞ administrasiyasının Ukrayna müharibəsində pul qazandığını iddia edən Medvedyev, Baydenin 2024-cü ildə keçiriləcək prezident seçkilərində məğlub olma ehtimalı olduğunu deyib.
Qeyd edək ki, ABŞ Prezidenti Bayden Konqresdən 14 milyard dolları İsrailə, 61 milyard dolları isə Ukraynaya yardım da daxil olmaqla 105 milyard dollarlıq büdcə istəyib. Lakin Senatda bu tələb rədd edilib.
Ağ Ev və bəzi ukraynalı rəsmilər ABŞ-ın Ukraynaya yardımı olmadan Rusiya ilə müharibə məğlubiyyətlə nəticələnə biləcəyi haqda xəbərdarlıq edib. /Cebhe.info/