Yəməndə fəaliyyət göstərən Husilər Səudiyyə Ərəbistanını ölkəyə mümkün yeni hərbi müdaxilənin nəticələri ilə bağlı hədələyərək, belə bir halda krallığın neft obyektləri və digər strateji hədəflərinə zərbələr endirəcəklərini bildiriblər.
Turkustan.az xəbər verir ki, Husi hərəkatının lideri Abdül Malik əl-Husi həftəlik çıxışında deyib ki, Yəmənə qarşı yeni hərbi əməliyyat başlanacağı təqdirdə, buna "eyni şəkildə cavab veriləcək".
Çıxış zamanı Səudiyyə Ərəbistanını sərt tənqid edən əl-Husi Ər-Riyadın ABŞ və İsrailin Yaxın Şərqdəki siyasətini dəstəklədiyini, həmçinin ABŞ, İsrail və Böyük Britaniya ilə siyasi, hərbi, təhlükəsizlik və media sahələrində əməkdaşlıq etdiyini iddia edib.
Fələstin məsələsinə toxunan Husi lideri Səudiyyə Ərəbistanının ərəb və İslam dünyasında İsrailə qarşı vahid mövqenin formalaşmasına mane olmağa çalışdığını, həmçinin Qəzza müharibəsi zamanı İsrailə siyasi və media dəstəyi verdiyini iddia edib.
Livanla bağlı danışan əl-Husi isə Səudiyyə Ərəbistanının ölkədəki bəzi siyasi qüvvələrə təsir göstərdiyini və Hizbullaha qarşı mövqedə olan şəxsləri dəstəklədiyini iddia edərək, Ər-Riyadın Livandakı rolunu "mənfi və düşmən" kimi qiymətləndirib.
Aytən Yaşar/ Turkustan.az