ABŞ-ın Almaniyadakı hərbi mövcudluğunu azaltmaq qərarı Vaşinqtonun Avropadakı müdafiə strategiyasını yenidən formalaşdırır. ABŞ Müdafiə Nazirliyinin İnsan Resursları Məlumat Mərkəzindən (DMDC) və Konqresin hesabatlarından toplanan son məlumatlar, ABŞ-ın qitədəki hərbi gücünün ölçüsünü ortaya qoyur.
Turkustan.az Ovqat.com-a istinadən xəbər verir ki, 2025-ci ilin dekabr ayına olan məlumata görə, ABŞ-ın Avropadakı daimi bazalarında təxminən 68.000 aktiv xidmətdə olan hərbi qulluqçu var. Bu rəqəmə təlimlər və müvəqqəti yerləşdirmələr üçün göndərilən "rotasiya qüvvələri" daxil deyil.
ABŞ ordusunun Avropada 31 daimi bazası və 19 hərbi obyekti fəaliyyət göstərir.
ABŞ Müdafiə Nazirliyinin İnsan Resursları Məlumat Mərkəzinin (DMDC) 2025-ci ilin dekabr ayının sonuna olan məlumatlarına görə, Avropadakı Amerika hərbi mövcudluğu aşağıdakı kimidir:
Qitənin ən böyük hərbi qüvvəsi Almaniyada cəmləşib və 36.436 aktiv şəxsi heyət var. Beş ayrı qarnizonda bölünən bu qüvvə 1952-ci ildən bəri fəaliyyət göstərən Ramşteyn Hava Bazasında və Qrafenvördəki nəhəng təlim mərkəzlərində yerləşir.
Almaniyanı 12.662 əsgərlə İtaliya izləyir. İtaliyanın Viçenza, Aviano və Neapol kimi şəhərlərində yerləşən ABŞ hərbi gücü Quru, Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri elementlərindən ibarətdir.
Böyük Britaniya ABŞ əsgərlərinə ən çox ev sahibliyi edən 3-cü ölkədir. Krallıqda 10.156 ABŞ əsgərləri yerləşdirilib və onların böyük əksəriyyəti Hərbi Hava Qüvvələrində xidmət göstərirlər.
İspaniya isə Cəbəllütariq boğazı yaxınlığındakı dəniz və hava bazalarında 3.814 şəxsi heyətə ev sahibliyi edir.
Şərqi Avropada daimi və rotasiyalı qoşunlar arasındakı fərq diqqətəlayiqdir. Polşada 369, Rumıniyada 153 və Macarıstanda 77 daimi heyət olsa da, bu ölkələr Avropa Çəkindirmə Təşəbbüsü çərçivəsində yerləşdirilən minlərlə müvəqqəti (növbəli) qoşun və strateji hava bazalarına ev sahibliyi edirlər.
ABŞ Avropa Komandanlığı (USEUCOM) qitədəki bütün əməliyyatları altı əsas komponent (Ordu, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Dəniz Piyadaları, Xüsusi Əməliyyatlar və yeni yaradılmış Kosmik Qüvvələr) vasitəsilə idarə edir. Almaniya və İtaliyada qərargahı olan bu bölmələr Avropa və Afrikada böhranlara cavab və təhlükəsizlik əməkdaşlığına yönəlib.
Strategiya dəyişikliyi
Son aylarda Vaşinqton müttəfiqlərinin İrana qarşı mövqeyinə və müdafiə xərclərinin qeyri-kafi olduğuna dair tənqidlərini artırıb. Almaniyadan 5000 əsgərin planlaşdırılan çıxarılması bu narazılığın yerindəki ən konkret təzahürü hesab olunur.
Ekspertlər bildirirlər ki, daimi qoşunların azaldılması Avropa ölkələrini öz təhlükəsizliklərinə daha çox pul xərcləməyə məcbur etmək üçün "təzyiq aləti" kimi istifadə olunur.