Əkrəm İmamoğluna qarşı İstanbul Universiteti tərəfindən ləğv edilmiş bakalavr diplomu ilə bağlı başlanan və İmamoğluna 8 il 9 aya qədər həbs cəzası tələb edilən istintaq çərçivəsində, “rəsmi sənədlərin ardıcıl saxtakarlığı” ittihamı ilə açılmış işin dördüncü iclası Silivridəki Marmara Qapalı Həbsxanasının məhkəmə zalında keçirilib.
Turkustan.az xəbər verir ki, İmamoğlunun ailəsi, CHP millət vəkilləri, rayon bələdiyyə başçıları, universitet dostları və çoxsaylı vətəndaşlar məhkəməni izləyib.
İmamoğlu saat 11:06-da gurultulu alqışlar altında məhkəmə zalına daxil olub. Sədrlik edən hakim ona soruşub:
— İşin İnzibati Məhkəmədə nəticəsini gözləmək üçün əvvəlki iclası təxirə saldıq. Qərar verilib, amma hələ qəti deyil. Əvvəlki müdafiənizə əlavə edəcək bir şeyiniz varmı?
İmamoğlu müdafiəsinə əlavələr etmək istədiyini bildirərək deyib:
— Təşəkkür edirəm, hörmətli hakim. Bu həftə Ramazan ayına qədəm qoyuruq. Təəssüf ki, xoşagəlməz hallar və bizi yoran vəziyyətlərlə qarşılaşırıq. Lakin Ramazan bərəkət ayıdır, vicdanı oyadır. Bu ay vəzifələri, statusu, var-dövləti və yoxsulluğu yenidən nəzərdən keçirmək, Yaradana sığınmaq üçün fürsət verir. İnsanların özlərini bərabər hiss etməsi üçün xüsusi vaxtdır.
— Təəssüf ki, 2019-cu ilin Ramazan ayında seçkiləri ləğv edən, 2025-ci ilin Ramazan ayında diplomumu ləğv edən eyni düşüncə tərzi, bu dəfə də yalan və böhtanlarla dolu bir prosesdə bizi mühakimə etməyə çalışır, — deyə İmamoğlu əlavə edib.
O, həmçinin bildirib:
— Hakimiyyət özünəinamlılara deyil, qorxanlara qarşı sərtdir. Baxın, yerlərini itirməkdən qorxanların yolu həmişə saxtakarlıq olub.
Prokurorun yekun çıxışı gözlənildiyi üçün iclas 6 iyula qədər təxirə salınıb.
Aytən Yaşar/ Turkustan.az