“Urmiya gölünün qurudulması azərbaycanlılara qarşı ekoloji soyqırımıdır”


Güney Azərbaycanın nadir təbiət incilərindən olan Urmiya gölü çevrəsində ekoloji fəlakət hökm sürür.

Göl sürətlə quruyur. Yerli çevrə və milli fəallarının çoxsaylı etiraz aksiyalarına məhəl qoymayan İran hakimiyyəti gölün canlandırılması ilə bağlı heç bir tədbir görmək istəmir.

Güneyli milli fəallar və ekoaktivistlər hesab edir ki, rejimin bunda siyasi məqsədi var. İran hakimiyyətinin Urmiya gölünə yanaşmada şübhəli laqeydliyinin səbəbi nədir?

“Urmiya gölü çevrəsində baş verənlər ekoloji cinayətdir”

Azərbaycan Respublikası Milli Məclisinin üzvü Aqil Abbas deyir ki, Urmiya gölü çevrəsində baş verənlər ekoloji cinayətdir:

“Bu, təbii ki, ekoloji cinayətdir. Ağacı kəsmək də cinayətdir, nəinki bir gölü qurutmaq. 100 min ilin böyük bir gölünü qurutmaq cinayətdir. Dünya dövlətləri belə şeylər bir az barmaqarası baxırlar. Həm İranla münasibətləri var, həm də bir şey ki azərbaycanlılara zərbə dəyəcək o zaman münasibət dəyişir.

Necə ki Ermənistan 30 il torpaqlarımızı işğal etdi, susdular. İndi onlardan bir cinayətkar tutmuşuq, Fransa başda olmaqla dünya dövlətləri etiraza qalxıb. Dünyanın bu məsələlərdə ikiüzlü olduğunu siz də bilirsiniz. Dünyanın Urmiya gölü ilə bağlı məsələyə reaksiya verəcəyinə inanmıram. Onlar üçün fərqi yoxdur ki, orada nə qədər azərbaycanlı qırılır-qırılsın”.

Qəribədir ki, transərhəd çayları, o cümlədən Araz çayı Ermənistan tərəfindən çirkləndirilir. Lakin İran buna da etiraz etmir. Azərbaycan 30 il öncəki dövlət deyil. Kifayət qədər güclənmişik.

İranla bağlı danışıqlarda Urmiya gölü ilə bağlı məsələ şərt kimi qoyula bilərmi?

Aqil Abbas hesab edir ki, İran Azərbaycan dövlətinin uğurlarını istəmir:

“Adam istəyir ki, İranla münasibətlərimiz yaxşılaşsın. Gor qonşusuyuq, mədəniyyətimiz, tariximiz, ədəbiyyatımız o qədər yaxındır ki... Belə şəraitdə İranın belə mövqe tutması doğrudan, utancvericidir. Amma bu məsələdə İranın tutduğu mövqeyi qəbul etmirik. Onlar necə müsəlmandır, necə şiədir? Şiə məscidində donuz saxlanılırdı, dillənmirdilər. İran xoşbəxt Azərbaycan görmək istəmir.

Burada 10 milyon azərbaycanlı yaşayır. Mən dəfələrlə şahidi olmuşam. İranlılar: azərbaycanlılar, hətta farslar bura (Quzey Azərbaycana-red) gələndə özlərini xoşbəxt hiss edirlər. Burada həyat var, kino var, musiqi var, yemək var, içmək var, rəqs var, gülmək var. Həyat qaynayır. Bunu İranın gözü götürmür”.

“Bu, azərbaycanlılara qarşı ekoloji soyqırımıdır”

“Cümhuriyət” qəzetinin baş redaktoru və Cebheinfo.az saytının direktoru Rəfail Becanov deyir ki, Urmu gölünün qurudulması ekoloji terrordur:

“Urmiya gölü ətrafında baş verən ekoloji terror İran hakimiyyətinin məqsədli şəkildə həyata keçirdiyi siyasi projedir. Çünki Urmiya gölü regionda ekosistemə təsir edəcək bir səviyyədədir. Göl ətrafında baş verənləri bəzən iqlimlə, corğafi ərazi ilə və ya relyeflə əlaqələndirirlər. Amma bu göl Van gölü ilə təxminən eyni coğrafi mövqedədir. Amma bu hadisələr Van gölündə baş vermir. Bunun əsas səbəbi İran rejiminin apardığı ekoloji bir prosesdir.

Bunu məqsədli şəkildə həyata keçirirlər. Çünki Urmiya gölünə axan 13 təbii təbii su mənbəyi var idi ki, bunun üzərində tikilən SES-lər, nasos quraşdırma işləri gölə mənfi təsir etdi. Nəticədə gölün su səviyyəsi 31 milyard kubmetrdən hazırda 2.9-3 milyard kubmetr səviyyəsindədir. Bu da bölgədə ciddi problem yaradır. Göl ətrafında şoranlaşma, duzlaq sahələri yaranır. Bu da Güney Azərbaycana çox ciddi mənfi təsir göstərir”.

Rəfail Becanovun fikrincə, Urmiya gölü qurusa, bu, böyük bir demoqrafik böhrana səbəb olacaq:

“Urmiya gölünün ətrafında bizim 7-8 böyük şəhərimiz yerləşir. Buradan əhalinin köçü davam edəcəksə, bu, təqribən 6 milyon insanı əhatə edəcək. Demoqrafik bir proses baş verəcək. Əslində İran rejiminin göl ətrafında apardığı siyasətdən biri də budur. Yəni demoqrafik bir proses baş versin, oradan azərbaycanlıları uzaqlaşdırsınlar. Bunun da başqa bir səbəbi Azərbaycan üçün gələcəkdə Urmiya regionu ilə bağlı mübahisə predmeti yaratmaqdır.

Milli zəmində bir problem yaratmaqdır. Bu baxımdan bu, bizim üçün milli bir məsələ olmalıdır. Nəzərə almaq lazımdır ki, Urmiya gölü UNESKO tərəfindən qoruq elan edilib. İran rejimi hətta bu məsələdə belə beynəlxalq standartlara əməl etmir. Özünə aid olmayan digər məsələləri isə özü üçün problemə çevirir. Siyasi məsələlərdə hər şeydə özünü qabağa verir, özünə etiraz nöqtəsi düzəldir.

İran hökuməti bu məsələdə ekoloji sistemin pozulmamasına cavabdehdir. Amma buna heç bir reaksiya göstərmir. Dediyim kimi bu, məqsədlidir. Buna azərbaycanlılara qarşı ekoloji soyqırımı da demək olar. Çünki bu, 6 milyon əhalinin deportasiyası ilə nəticələnəcək bir prosesdir”.

QEYD: Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən “Urmu gölünü xilas et: ekoloji fəlakət qapıda” layihəsi çərçivəsində hazırlanmışdır və bu yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.


MANŞET XƏBƏRLƏRİ