Uşaqlar qızılcadan niyə ölür? - Həkim valideynlərin səhvlərindən DANIŞDI


Son günlər uşaqlar arasında qızılca xəstəliyinin sürətlə yayılması ölkə gündəmini zəbt edib. Təəssüf ki, artıq 5 uşaq qızılcadan dünyasını dəyişib.

Turkustan.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ildə 284 nəfər qızılcaya yoluxub. Xatırladaq ki, ötən il sadəcə bir nəfərdə qızılca xəstəliyi qeydə alınıb.

Qeyd edək ki, valideynlər arasında qızılca peyvəndinə qarşı olan fiikir ayrılıqları da xəstəliyin qarşısının alınmasına mane olur.

Bəs uşaqlar qızılcadan niyə ölür?

Pediatr, parazitoloq Sevinc Əliyeva sosial şəbəkə hesabında canlı yayım açaraq valideynlərə çağırış edib. Onun sözlərinə görə, uşaqların qızılcadan niyə rəhmətə getməsi hazırda hər kəsə maraqlıdır: “1980-ci illərdə mətbuatda məlumat yayılmışdı ki, qızılcaya qarşı peyvəndlər hər kəsə vurulmadığı üçün 2 milyon 6 yüz min uşaq qızılcadan rəhmətə gedir. Təsəvvür edin, hər il bu qədər uşaq qızılcadan ölürdü. Ondan sonra peyvəndlərin məcburi vurulması tövsiyə olundu. Bu peyvənd 1 və 6 yaşda vurulur. Peyvənd indiyə qədər Azərbaycan xalqını ağırlaşmadan, ölümlərdən qoruyurdu. Dünyada kütləvi uşaq ölümləri olduğu üçün ÜST tərəfindən qızılcaya qarşı peyvənd gəldi. Təəssüf ki, Azərbaycanda da son günlər ölüm xəbərlərini çox eşidirik. Buna səbəb valideynlərin savadsızlığıdır. Bu gün sahə həkimlərinin məsuliyyətsizliyi, valideynlər arasında maarifləndirici işlərin aparılmaması ölümə gətirib çıxarır”.

Həkim qeyd edib ki, peyvənd üç xəstəliyə qarşı vurulur: “Vaksin hamiləlikdə dölü belə qızılcadan qoruyur. Çünki hamiləliyin son aylarında qızılcaya yoluxmaq çox təhlükəlidir. Niyə bu qədər cahil, savadsızıq? Peyvənd əsrlər boyu Çar Rusiyasında milyonçuların müalicəsi olub. Milyonçular uşaqlarına peyvənd edib taundan, qızılcadan və s. ölümcül xəstəliklərdən qoruyublar. Kasıbların uşaqları ölüb”.

S.Əliyeva vurğulayıb ki, bu gün Azərbaycana Belçikadan, İngiltərədən peyvəndlər gətirilir: “Dəyərli analar isə boş-boş videolara baxıb övladlarına peyvənd vurdurmur. Əziz analar, peyvənd haqqında deyilənlər yalandır. Ağıllı olun, uşaqlarınıza peyvənd vurdurun. Qızılca ağırlaşdıqda uşaqlar ensifalitdən ölür. Beyin iltihablanır, palçıq olur. Qızılca ağırlaşdıqda pnevmoniya da yaradır. Uşaqlar bu xəstəliklər nəticəsində ölür. Peyvənd virusun parçalanıb beyinə, ciyərlərə yayılmasına icazə vermir. Kim uşağına peyvənd vurdurmayıbsa, günü sabahdan vurdursun”.

Onun sözlərinə görə. insanlar sual edir ki, peyvənd vurduran uşaqlar niyə ölür? Peyvənd vurdurulduqdan sonra 17 gün, 2 ay ərzində özünü göstərir: “Yəni uşağa peyvənd vurduran kimi yoluxmayacaq deyə bir şey yoxdur. Uşağa bu gün peyvənd vurdurdum, sabah məktəbə göndərim yoluxmayacaq deyə düşünməyin. Necə ki, qatıq bir neçə saatdan sonra mayalanır, peyvənd də elədir”. (Bakıvaxtı.az)


MANŞET XƏBƏRLƏRİ