Zaxarovadan Qərbi Azərbaycan mesajı: “80-ci illərin sonlarında...”


Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyini təmin etmək şərti ilə bölgəyə qayıtmaq imkanları olmalıdır.

Turkustan.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Qarabağ ərazisini tərk edən erməni əhalisinə gəlincə, qeyd etdiyiniz kimi, Azərbaycan hakimiyyəti xüsusi reinteqrasiya proqramı qəbul edib. Rusiyanın bu addımı alqışladığı və dəstəklədiyi dəfələrlə vurğulanıb. Qarabağ ermənilərinin öz hüquqları və təhlükəsizliyini layiqincə təmin edərək bölgəyə qayıtmaq imkanları olmalıdır”, - sözçü bildirib.

Zaxarova qeyd edib ki, Rusiya bu prosesə hər cür dəstək verməyə hazırdır.

Onun sözlərinə görə, bunu 80-ci illərin sonu - 90-cı illərin əvvəllərində Ermənistan (Qərbi Azərbaycan) və Azərbaycanı tərk etmiş ermənilər və azərbaycanlıların geri qayıtması məsələsindən ayırmaq lazımdır.

“Bu kateqoriyadan olan vətəndaşların mümkün qayıdışına şərait yaratmaq üçün böyük həcmdə iş görülməlidir. Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli həllinə ehtiyacımız var, ölkələr arasında etimad mühiti yaratmaq, o cümlədən sülh müqaviləsi imzalamaq və kommunikasiyaların blokunu açmaq lazımdır”, - Zaxarova vurğulayıb.

“Bunu 80-ci illərin sonu - 90-cı illərin əvvəllərində Ermənistan və Azərbaycanı tərk etmiş ermənilər və azərbaycanlıların geri qayıtması məsələsindən ayırmaq” məsələsinə gəlincə, Rusiya rəsmisinin bu sözü anlaşılan deyil. Qarabağ Azərbaycanın tərkib hissəsidir, bunu etiraf edənlərdən biri elə Zaxarovanın özüdür. İfadə “Azərbaycanın digər bölgələrini tərk edənlər” şəklində olmalıydı. Amma görünür, hələ də Rusiya XİN-də - Sergey Lavrovun müəssisəsində Qarabağı “ayrıca subyekt” kimi görməkdə davam edirlər. Nə də olsa, adam erməni köklərini unutmur. /teleqraf.com/


MANŞET XƏBƏRLƏRİ