ABŞ-la Azərbaycanı barışmağa qoymayan bu qüvvələrdir – Pərdəarxası oyunlar


Son günlər ABŞ-la Azərbaycan arasında münasibətlərin normallaşması müşahidə olunsa da prosesə şübhə ilə yanaşanlar da az deyil. Bəzi ekspertlər hesab edir ki, münasibətlər sözdə düzəlsə də real vəziyyət o qədər ürəkaçan deyil.

Maraqlıdır reallıq necədir? Gərginliyin qalmasında ABŞ maraqlıdır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, Azərbaycan-ABŞ münasibətlərinin tarixinə baxdıqda tez-tez belə hadisələrin baş verdiyini görə bilərik:

“Maraqlıdır ki, istər mövcud gərginlik, istərsə də bundan öncəki insidentlər ABŞ ilə bağlı olsa da onlar məsuliyyəti boyunlarına götürmür. Vaşinqton faktiki olaraq siyasi şıltaqlıq ilə məşğuldur.

Tofiq Abbasov

ABŞ ümumiyyətlə ölkələr ilə hədə-qorxu dilində danışmağa, təzyiq etməyə, istəklərinin qeyd-şərtsiz icra edilməsinə öyrəşib. Lakin Azərbaycan da zəif, gücsüz ölkə deyil. Ümumiyyətlə bizim xarici siyasət çox ustaca aparılır. Hazırkı gərginlik zamanı da biz bunun şahidi olduq. ABŞ qarşısında geri addım atmamağımız düzgün qərar idi. Əks təqdirdə bu, Vaşinqtonu daha da cəsarətləndirə bilərdi.

Hesab edirəm, ölkəmizin sərgilədiyi mövqe sonrasında ABŞ da reallığı dərk etdi. Yaxın zaman ərzində Vaşinqton Bakı ilə münasibətlərin yaxşılaşması istiqamətində lazımi addımları atacaq. Çünki ABŞ-ın Cənubi Qafqaz siyasəti üçün Azərbaycan vacib ölkədir”.

Globalinfo.az xatırladır ki, bir neçə gün öncə ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığında rəsmi Bakının bütün şərtlərini qəbul etdiyini deyib. Bundan sonra gözləmək olardı ki, münasibətlər sürətlə düzələcək. Lakin bu təmasdan sonra da Vaşinqtonla Bakı arasında gərginlik qalır. Əksər ekspertlər iddia edirlər ki, Birləşmiş Ştatlarla Azərbaycanın münasibətlərinin gərgin qalmasında maraqlı olan qüvvələr var. Bildirilir ki, bu qüvvələr ABŞ-da erməni lobbisindən maliyyələşən şəxslərdir. Onlar çalışırlar ki, Bayden administrasiyası ilə Əliyev hökuməti arasında anlaşma olmasın.


MANŞET XƏBƏRLƏRİ