“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Şirkətlər arasında insan alveri ilə bağlı məlumatlılığın artırılması, insan alveri və potensial qurbanların sosial reabilitasiyası” layihəsinin başlanmasına start verib.
QHT.az xəbər verir ki, bu barədə təşkilatın sədri Gulayə Səfərova məlumat verib. Qeyd olunub ki, layihənin əsas məqsədi şirkətlər arasında insan alveri ilə bağlı məlumatlılığın artırılması və insan alverinə qarşı effektiv mübarizədə ortaq məsuliyyəti tanımaq üçün müxtəlif biznes sektorları, dövlət qurumları və QHT-lər arasında tərəfdaşlığın gücləndirilməsinə nail olmaq, eyni zamanda insan alverindən zərərçəkmiş şəxslərin və potensial qurbanların cəmiyyətə, ailəyə reinteqrasiyasına, normal həyat tərzinə qaytarılmasına nail olmaq üçün sosial reabilitasiyasını həyata keçirməkdir. Bu məqsədilə təşkilat Bakı, Sumqayıt və Şamaxı şəhərlərində insan alveri, onun fəsadları və həlli yolarını müzakirə etmək, müxtəlif biznes sektorları, şirkətlər, dövlət qurumları və QHT-lər arasında açıq dialoqun qurulmasının zəruriliyini nəzərə alaraq xüsusi seminar təşkil edəcək.
Eyni zamanda təşkilat İnsan alverindən zərərçəkmiş şəxslərin və potensial qurbanların sosial mühitə adaptasiyası məqsədilə onların sosial qayğı ilə əhatə olunmasının olduqca vacibliyini nəzərə alaraq, onlar üçün sosial- reabilitasiya fəaliyyətini həyata keçirməyi planlaşdırır. Sosial-reabilitasiya prosesində zərərçəkmiş şəxslərə təsir edən xüsusi metod və üsullardan istifadə edilərək ehtiyaclarına uyğun psixoloji, hüquqi yardımlar göstəriləcək, tibbi müayinə və müalicə olunmaları üçün mərkəzin işçisinin müşayəti ilə insan alveri və potensial qurbanlar üçün ayrılmış xüsusi tibb müəssisələrinə, bacarıq və qabiliyyətlərinə uyğun olaraq isə peşə kurslarına istiqamətləndiriləcəklər. Reabilitasiya prosesinə zərərçəkmiş şəxslərin yaxın qohumları, reinteqrasiya prosesinə isə özəl sektorun nümayəndələri cəlb ediləcəkdir.
Qeyd edək ki, layihənin müddəti 01.06.2024 – 01.09.2024-cü il tarixədəkdir. Layihə İnsan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planının birbaşa icrasına dəstək məqsədi daşıyır.