Futbola görə qınandı, polisi döyən “dostunu” dəstəklədi… – Kremlin hədəfindəki azərbaycanlı


Xəbər verdiyimiz kimi, deputat Azər Badamov Rusiya ərazisinə buraxılmayıb. Belə ki, hadisə onun daxil olduğu nümayəndə heyətinin Həştərxan şəhərinə səfəri zamanı baş verib. Rusiya tərəfi hər hansı ilkin xəbərdarlıq və ya məlumat vermədən Badamovu Moskvada hava limanında saxlayıb və onun ölkəyə girişinə qadağa qoyulduğunu bildirib. O, bir müddət hava limanında gözlədildikdən sonra ölkəmizə geri qaytarılıb.

Rusiyanın persona non-qrata elan etdiyi deputat Azər Badamov kimdir?

Deputat 1968-ci il avqustun 18-də Qusar rayonunun Düztahir kəndində anadan olub.

O, Azərbaycan Texnologiya İnstitutunun qeyri-ərzaq mallarının əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirib. 1986–1988-ci illərdə hərbi xidmət keçib, 1989-cu ildən Qusar Şəhər İctimai İaşə İdarəsində iqtisadçı, 1991-ci ildən Qusar Rayon Mərkəzi Xəstəxanasında müfəttiş-mühasib işləyib.

1992-ci ildən Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun Qusar rayon şöbəsinin birinci dərəcəli müfəttişi, 1994-cü ildən “Şahdağ” firmasının iqtisadçısı vəzifələrində çalışıb. 2003-2007-ci illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 2008–2010-cu illərdə “Aztelekom” İstehsalat Birliyinin Qusar Rayon Telekommunikasiya Qovşağının rəisi olub.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür.

Dördüncü və beşinci çağırış Milli Məclisinin deputatı olub.

Milli Məclisin Aqrar siyasət komitəsinin, İctimai birliklər və dini qurumlar komitəsinin üzvüdür. Azərbaycan-Çili parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstraliya və Yeni Zelandiya, Belarus, Danimarka, İsveç, Qazaxıstan, Pakistan, Portuqaliya, Rusiya, Tacikistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Azərbaycan Milli Məclisinin və Rusiya Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın üzvüdür.

Evlidir, 2 övladı var.

Deputat zaman-zaman mətbuatda bir sıra məsələlərlə gündəmə gəlib.

Məsələn, bir neçə il əvvəl araşdırmaçı Cavanşir Həsənli Badamovun Qusarda ticarət mərkəzi tikdirdiyini yazıb.

Yaxud onun illər əvvəl, Rusiyada keçirilən dünya çempionatında İspaniyanın “Real” (Madrid) klubuna azarkeşlik edəcəyini və bu klubun dünya çempionu olacağını deməsi ciddi ajiotaj yaratmışdı. Belə ki, o, həmin zaman Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü olmasına baxmayaraq, dünya çempionatında klubların deyil, ölkə yığmalarının mübarizə apardıqlarını bilməyib. Mətbuata növbəti açıqlamalarında isə fikirlərinin səhv təqdim edildiyini, daha futboldan danışmayacağını demişdi.

Azər Badamov həm də polis əməkdaşını döydüyünə görə həbs edilən həmkarı Eldəniz Səlimovun toxunulmazlıq hüququnun ləğvinə səs verməyən deputatlardan biri idi. O, sabiq deputatla parlamentdə eyni masada əyləşib və iki siyasətçi arasında yaxın əlaqələr olub.

Ümumilikdə isə millət vəkilinin fəaliyyəti əsasən yerli icmaların problemlərinin həlli, kənd təsərrüfatı və sosial məsələlərin gündəmə gətirilməsi ilə əlaqələndirilir./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ