Mayın 4-də Rusiya tərəfinin dəvəti və Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Həştərxan vilayətinə səfərə yollanan nümayəndə heyətinin tərkibi bilinib.
Turkustan.az bildirir ki, Teleqraf-ın əldə etdiyi xəbərə görə, heyətin təkibi ümumilikdə 5 nəfərdən ibarət olub.
Həmin şəxslər aşağıdakılardır:
Milli Məclisin deputatları Elman Nəsirov və Azər Badamov;
YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev;
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev;
Həştərxanda yerləşən Azərbaycan İş Mərkəzinin koordinatoru Nəsimi Məmmədov.
Ancaq Rusiya tərəfi “təhlükəsizlik məsələləri ilə bağlı” A.Badamovun ölkəyə girişinə icazə verməyib və o, geri qayıdıb. Digər şəxslərin Rusiyaya buraxılmasında problem yaşanmayıb.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı Rusiya tərəfindən izahat tələb edib.
***10:42
Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Azər Badamov Həştərxan vilayətinə səfəri çərçivəsində Rusiyanın Moskva hava limanında saxlanılıb və ölkəyə girişinə qadağa qoyulub. Sözügedən səfər Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilib.
Turkustan.az xəbər verir ki, “Qafqazinfo” məsələ ilə əlaqədar Abşeron RİH ilə əlaqə saxlayıb.
Qurumdan deyilib ki, Azər Badamovdan başqa, Elman Nəsirov da həmin nümayəndə heyətinin tərkibində olub.
Həmkarından fərqli olaraq, Elman Nəsirovun Rusiyaya girişinə icazə verilib.
Aeroportda saxlanılaraq Bakıya qayıtmalı olan Azər Badamov isə hələ ki, heç bir açıqlama verməyib.
Xatırladaq ki, məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi ötən gün açıqlama yayaraq Azər Badamovun daxil olduğu nümayəndə heyətinin Həştərxan şəhərinə səfərinin məhz Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru - Hökumət sədri Denis Afanasyevin dəvəti əsasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak məqsədilə olduğunu bildirib.