Komitə sədri "İncəgülü" şöləninin ideya müəllifini təbrik edib


Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa “İncəgülü” saz-söz şöləninin, “Könül körpüsü” telelayihəsinin ideya müəllifi və rəhbəri Çiçək Mahmudqızına təbrik məktubu ünvanlayıb. Tanınmış şair-publisist və televiziya aparıcısının 60 illik yubileyi ilə bağlı təbrik məktubunda deyilir:

“Hörmətli Çiçək xanım,
Sizi – tanınmış şair-publisist və televiziya aparıcısını, Azərbaycan Yazıçılar Birliyi, Aşıqlar Birliyi və “Aşıq Pəri” Məclisinin üzvünü 60 illik yubileyinizlə bağlı təbrik edir, yaradıcı və ictimai fəaliyyətinizdə yeni uğurlar diləyirəm!
Siz özünəxas ədəbi-mədəni gələnəkləri olan qədim Qazax mahalının Qaymaqlı elində doğulmusunuz və hələ 20 yaşlarından paytaxtın qaynar yaradıcılıq mühitinin fəal iştirakçısı olmusunuz.

Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu (indiki Azərbaycan Dövlət Dillər Universitetini) 1987-ci ildə fərqlənmə diplomu ilə başa vurmuş, həmin ildən etibarən pedaqoji fəaliyyətlə məşğul olmusunuz. Bununla yanaşı, dövri mətbuatda ardıcıl olaraq şeirlər və publisistik yazılarla çıxış etmisiniz.

2002-ci ildən Gəncənin “Kəpəz” telekanalında “Mənim şeirli dünyam” verlişinin aparıcısı, 2008-ci ildən Tovuzda fəaliyyət göstərən yerli televiziyada “Saz-söz dünyası” verlişinin müəllifi, 2010-cu ildən “Türkel” adı ilə yenidən fəaliyyətə başlayan həmin televiziyada “Xoş ovqat” verilişində müəllif-aparıcı olmusunuz.

2013-cü ilin oktyabrından isə yenidən Gəncənin “Kəpəz” televiziyası ilə əməkdaşlıq edərək, ünlü “Duyğulu könüllər” verilişinin aparıcısı olmusunuz.

“Könül körpüsü” telelayihəsi və 2011-ci ildən hər ilin yazında kecirdiyiniz “İncəgülü” saz-söz şöləni saz-söz sənətinə sizin dəyərli xidmətinizdir.

“Bənövşə yaşlar”, “Könüllərin Çiçəyi” və b. kitablarınız oxucularınızın marağına səbəb olub. "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin "Aşıq Ələsgər – 200" yubiley medalı, bir sıra digər ictimai ödüllərlə təltif olunmusunuz.

Sizi ictimai, yaradıcı uğurlarınız və yubileyinizlə bağlı bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm”!


MANŞET XƏBƏRLƏRİ