CHP-də məhkəmənin verdiyi “tam etibarsızlıq” qərarından sonra partiyadaxili müzakirələr yeni mərhələyə keçib.
Turkustan.az xəbər verir ki, qərarın ardından partiya rəhbərliyinə qayıdan Kamal Kılıçdaroğlunun sədr müavini təyin etdiyi Berhan Şimşek CNN Türk-ə açıqlamasında diqqətçəkən mesajlar verib.
Şimşək Özgür Özəlin rəhbərliyi dövründə CHP-nin prezidentliyə namizədi elan edilən Əkrəm İmamoğlunun hazırda partiyanın rəsmi namizədi olmadığını bildirib. O, “Hələlik konkret qərar yoxdur. Bu səbəbdən İmamoğlunu yalnız ‘namizəd namizədi’ adlandırmaq olar. Prezidentlik ofisi də artıq fəaliyyət göstərmir” deyə vurğulayıb.
Berhan Şimşek həmçinin Özgür Özəl və Əkrəm İmamoğlu barədə partiya daxilində intizam araşdırmalarının aparılması ehtimalını da istisna etməyib. Onun sözlərinə görə, bu məsələlər zamanı gəldikdə partiyanın səlahiyyətli orqanları tərəfindən qiymətləndiriləcək.
Şimşək partiyada mümkün dəyişikliklərə işarə edərək bildirib ki, bəzi şəxslər təşkilatdan ayrılarkən partiyanın bir hissəsini də özləri ilə aparmağa çalışırlar və bu səbəbdən CHP daxilində narazılıqlar yaranıb.
Aytən Yaşar/ Turkustan.az