ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukrayna onun 28 maddədən ibarət “sülh planı”nı qəbul etməlidir. Amma bu plan Ukraynanın bəzi ərazilərinin Rusiyaya verilməsi və Silahlı Qüvvələrin sayının iki dəfədən çox azaldılmasını nəzərdə tutur. Tənqidçilər xəbərdarlıq edirlər ki, plan faktiki olaraq Kremlin tələblərini ehtiva edir və Ukraynada xaosa səbəb ola bilər.
Turkustan.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
ABŞ Prezidenti planı qəbul etməsi üçün ukraynalı həmkarı Volodimir Zelenskiyə açıq təzyiq göstərib. Ağ Ev Volodimir Ukrayna liderinin razılaşmalı olduğuna işarə edib.
Tramp fevral ayında Oval Ofisdə keçirilmiş görüşünü xatırladaraq Zelenskiyə deyib: “Sənin heç bir kartın yoxdur”.
Qeyd olunur ki, ABŞ planının razılaşdırılması üçün təyin olunmuş son tarix gələn həftənin cümə gününə qədər olsa da, bu müddətin uzadılması ehtimalı da saxlanılır.
Rusiya Prezidenti Vladimir Putin təşəbbüsü şərh edərkən onu “mümkün son həll üçün baza” adlandırıb.
Volodimir Zelenski ukraynalılara müraciətində planın ciddi narahatlıqlar doğurduğunu söyləyib:
“Ya ləyaqəti itirmək, ya da əsas tərəfdaşı itirmək riski. Ya 28 maddədən ibarət çətin siyahını qəbul etmək, ya da son dərəcə sərt qışa dözmək. Azadlıq olmadan həyat. Bütün bunlar, artıq iki dəfə bizə hücum etmiş birinə güvənməyimizi istədikləri zaman baş verir”.
Kiyev razılıq verməsə, Vaşinqton kəşfiyyat məlumatları və silahların verilməsini dayandırmaqla hədələyib.
Hətta Trampın partiyası Respublikaçılar da onun planını tənqid edirlər.
Respublikaçı senator Rocer Viker sənədə etiraz edərək bildirib ki, plan ciddi problemlər yaradır: “Mən sülhün əldə olunacağına çox şübhəli yanaşıram. Ukrayna öz torpaqlarını dünyanın ən qəddar müharibə cinayətkarlarından biri olan Vladimir Putinə verməyə məcbur edilməməlidir”.
“Çatam Haus”un analitiki Tim Eşin sözlərinə görə, Rusiya bu plan üzrə istədiyi hər şeyi alır, Ukrayna isə demək olar ki, heç nə qazanır.
“Reuters”in məlumatına görə, Böyük Britaniya, Fransa və Almaniya Ukrayna ilə koordinasiyalı şəkildə cavab planı üzərində işləyir. Avropa İttifaqı əvvəlcədən ABŞ planı barədə məlumatlandırılmayıb, buna görə də ittifaq liderləri bu gün G20 çərçivəsində görüşəcəklər./eleqraf