İran İsrailə zərbələr endirməyə davam edəcək, İsrailin hücumuna cavab əməliyyatı hələ bitməyib.
Turkustan.az xəbər verir ki, bunu İslam Respublikasının hərbi rəhbərliyinə yaxın mənbə Fars agentliyinə bildirib.
"Sionist rejimin təcavüz yolu ilə başladığı müharibə yaxın günlərdə bu rejimin işğal etdiyi bütün ərazilərə və regiondakı Amerika bazalarına yayılacaq və təcavüzkarlar İranın qəti və genişmiqyaslı cavab zərbəsinin hədəfinə çevriləcək"-deyə, agentliyin mənbəsi bildirib.
"Bu qarşıdurma dünən gecənin məhdud hərəkətləri ilə bitməyəcək. İran zərbələri davam etdirəcək. Bu hərəkətlər təcavüzkarlar üçün çox ağrılı olacaq və onları etdiklərinə görə peşman edəcək", - o əlavə edib.
Birləşmiş Ştatlar dünyanın 80-dən çox ölkəsində ən azı 170 000 Amerika əsgəri yerləşmiş 1000 hərbi baza şəbəkəsinə malikdir. Yaxın Şərqdə Amerikanın hərbi bazaları və obyektləri Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Səudiyyə Ərəbistanı və Suriyada yerləşir.
Aytən Yaşar/ Turkustan.az