İranın Azərbaycana qarşı riyakar planı: Bu iki mesajı ona görə verir ki...


“İran açıq-aşkar şəkildə Ermənistanın mövqeyini dəstəkləyir. Təsadüfi deyil ki, Azərbaycanı dəfələrlə 44 günlük müharibə dövründə təhdid edib, iki dəfə Azərbaycan, bir dəfə isə Türkiyə sərhədlərində hərbi təlim keçirib”.

Bu sözləri Publika.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.

Onun sözlərinə görə, İran Azərbaycana düşmən dövlət olduğunu açıq şəkildə nümayiş etdirir:

“İran hər zaman Ermənistanı müdafiə edib, hətta Azərbaycana və Türkiyəyə qarşı Zəngəzura ordu göndərməyi planlayıb. Bu da İran ictimaiyyətində də, İslam aləmində də sual yaradır ki, necə müsəlman ölkəsidir ki, müsəlman qardaşının yanında xristian dövləti Emənistanı müdafiə edir? Eyni zamanda İran daima Azərbaycanı İsraillə əməkdaşlıqda günahlandırır. İran açıq şəkildə bildirir ki, erməni əsgərləri İsrail silahı ilə öldürülüb”.

Politioloqun sözlərinə görə İran burada ikitərəfli oyun oynayır.

“Tehran həm Azərbaycana İranın tərəfindən çıxış etməsi, həm də öz ictimaiyyətinə Azərbaycanın İsraillə yaxın olduğunu bildirmək üçün mesaj verir. İstənilən halda bu, İranın Azərbaycana qarşı sistemli hücumlarının bir hissəsidir. İlk dəfə deyil ki, belə bir hal baş verir. İnsan itkisi ilə nəticələnən səfirliyə hücum, Azərbaycanın ünvanına işlədilən ağır ifadələr bunlara nümunədir. Elə bu yaxınlarda İranın deputatı bildirib ki, İsarilin Azərbaycandakı səfirliyini vurmaq lazımdır. Bu açıqlama onu göstərir ki, İranda anti-Azərbaycan mövqeyi sistematik yer alıb”,- Turab Rzayev bildirib.

Xatırladaq ki, İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Subhani ikinci Qarabağ müharibəsində erməni əsgərlərinin İsrail silahı ilə öldürüldüyünü deyib. Sözügedən iddia müharibə dönəmində və sonrakı dövrdə də dəfələrlə gündəmə gətirilib. İran səfrinin bu açıqlaması Tehranın regionda yürütdüyü ermənipərəst və anti-Azərbaycan siyasətinin növbəti təzahürüdür.


MANŞET XƏBƏRLƏRİ