ADSEA informasiya sorğusuna cavab verdi: "Zabux çayında ciddi çirklənmə yoxdur"


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin quruma ünvanladığı informasiya sorğusunu cavablandırıb. İctimai Birliyin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən "Laçın rayonunda su təhlükəsizliyi" layihəsi üzrə verdiyi informasiya sorğusunda bildirilib ki, ADSEA yanında fəaliyyət göstərən Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən 2025-ci ilin iyul ayından etibarən Laçın rayonunda və ümumilikdə Şərqi Zəngəzur bölgəsindəki su hövzələrində keyfiyyət monitorinqləri aparılır.

Aparılan mütəmadi laborator analizlərin nəticələrinə əsasən, Zabuxçay çayında ciddi çirklənmələrə rast gəlinməmiş, yalnız lokal xarakterli, antropogen təsirlərlə bağlı cüzi çirklənmə halları qeydə alınmışdır. Həmin hallarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, su obyektlərinə təsirlərin qarşısı alınıb.

Agentliyin məlumatında qeyd olunur ki, su ehtiyatlarının səmərəli idarə edilməsi istiqamətində işlər Prezidentin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamına uyğun olaraq aparılır və ölkə üzrə illik su təsərrüfatı balansı Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənir. Sonuncu balans sənədi 3 sentyabr 2024-cü il tarixli 463s nömrəli Sərəncamla qəbul olunub.

Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tikinti-quruculuq və abadlıq işləri zamanı su hövzələrinin çirklənməsinin qarşısının alınması məqsədilə mütəmadi maarifləndirmə tədbirləri keçirilir, tikinti fəaliyyəti ilə məşğul olan subyektlərdən müvafiq icazə sənədləri və texniki pasportlar tələb olunur.

Laçın rayonunda aparılan monitorinqlər zamanı yerli sakinlər və turistlər tərəfindən az miqdarda məişət tullantılarının atılması faktları da müəyyən edilib. Aidiyyəti dövlət qurumlarının iştirakı ilə bu hallar aradan qaldırılıb, tullantıların su obyektlərindən götürülməsi təmin olunub.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi bildirir ki, su resurslarının qorunması və dayanıqlı idarə olunması istiqamətində tədbirlər sistemli şəkildə davam etdiriləcəkdir.


MANŞET XƏBƏRLƏRİ