Fəaliyyəti dayanmış “Təfəkkür” Universitetinin sabiq rektoru Müşfiq Atakişiyevin prorektor Tariyel Əhmədovun qətlini sifariş etməsi barədə yayılan rəsmi məlumat ictimaiyyətdə geniş rezonans doğurub.
Baş Prokurorluq 12 il əvvəl baş vermiş qətl hadisəsi barədə dünən yaydığı məlumatda bildirib ki, sabiq rektor Müşfiq Atakişiyev hazırda tutduğu vəzifələrdən kənarlaşdırılaraq həbs edilib.
Xatırladaq ki, “Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədov 2011-ci il sentyabrın 16-da qətlə yetirilmişdi.
Turkustan.az saytı məsələnin gündəm mövzusu olduğunu nəzərə alaraq, 12 il əvvəl törədilmiş hadisənin harada və necə baş verdiyini diqqətə çatdırır.
Rəsmi məlumatlardan aydın olur ki, professor Tariyel Əhmədov 2011-ci il sentyabrın 16-da evinin yaxınlığında amansızcasına qətlə yetirilib. Onun küt alətlərlə öldürüldüyü bildirilir.
Tariyel Əhmədov həmin gün səhər saat 6-da idman formasında evinin yaxınlığındakı meydançaya məşq etmək üçün gedibmiş. Qatil onu orada öldürüb.
Tariyel Əhmədovu qətlə yetirən şəxs sabiq polis əməkdaşı Dəyanət Quliyev olub. 2023-cü ilin aprelində Daxili İşlər Nazirliyi rəsmi məlumat yayaraq Tariyel Əhmədovu qətlə yetirən Dəyanət Quliyevin həbs olunduğunu açıqlayıb. Dəyanət Quliyev həbsindən 2 il qabaq təqaüdə çıxıbmış. O, DİN-in 7-ci bölməsinin əməkdaşı olub. Həbsindən sonra Dəyanət Quliyevə Cinayət Məcəlləsinin 120.2.5 – tamah məqsədi ilə qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb.
Baş Prokurorluğun dünənki məlumatından aydın olub ki, Dəyanət Quliyev “Təfəkkür” Universitetinin sabiq rektoru Müşfiq Atakişiyevin sifarişini icra edib.
Tariyel Əhmədovun oğlu Zaur Əhmədov hələ 2016-cı ildə atasının ölümü ilə bağlı ölkə rəhbərliyinə ünvanladığı müraciətdə bildirmişdi ki, o, qətlin sifariş olmasından və bu işin arxasında Müşfiq Atakişiyevin durmasından şübhələnir.
“Atam Universitetin həmtəsisçilərindən biri idi. Öldürülməsəydi, növbəti ildə həmtəsisçilər arasında razılığa görə rektor olmalı idi...
Qətlin baş verməsinin səbəblərindən biri bax budur.
2-ci səbəb isə atamın əlində M.Atakişiyevin Kislavodskidə ermənilərlə şərik tikdirdiyi otelin şəkilləri var idi. Atam bir müddət idi ki, M.Atakişiyevlə danışmırdı...
3-cü səbəb bu idi ki, atam ölkə prezidentinə və aidiyyatı orqanlara universitetdə baş verən maliyə yeyintiləri, qanunsuz köçürmələr, imtahanların, diplom işlərinin pulla verilməsi və digər cinayətlər barədə hazırladığı məktub idi”, - deyə mərhum professorun oğlu müraciətində qeyd edib.
Z.Əhmədov hadisə törədilərkən ətrafda olan kameraların da həmin gün işləmədiyini müraciətinə əlavə edib.
Qeyd edək ki, M.Atakişiyev 2016-cı ildə “Təfəkkür” Universiteti bağlanmazdan bir müddət öncə rektor vəzifəsindən istefa vermişdi. Univüersitet isə az sonra fəaliyyətini dayandırmışdı.