İsrail ordusu ilə Hizbullah arasında toqquşmalar şiddətlənir


Sərhəd xəttində İsrail ordusu ilə Hizbullah arasında qarşılıqlı hücumlar davam edir.

Turkustan.az xəbər verir ki, Hizbullah sərhəd bölgəsindəki İsrail yaşayış məntəqəsini onlarla Katyuşa raketi ilə vurduğunu açıqlayıb.

İranın dəstəklədiyi Livan Hizbullahının verdiyi açıqlamada İsrailin dünənki Livanın cənubunda dinc əhalinin ölümünə səbəb olan hücumuna cavab olaraq sərhəd bölgəsindəki yaşayış məntəqəsinin bu gün hədəf alındığı bildirilib. Açıqlamada, İsrail sərhəd xəttində yerləşən Şumira qəsəbəsinə qarşı onlarla Katyuşa raketinin atıldığı bildirilib.

Həmçinin qeyd olunub ki, İsrailin Ər-Rahib hərbi mövqeyi artilleriya atəşinə tutulub.

Hizbullah başqa bir açıqlamada Avivim qəsəbəsində İsrail əsgərlərinin yerləşdiyi binanın tam dəqiqliklə hədəf alındığını, əsgərlər arasında ölən və yaralananların olduğunu bildirib.

Digər tərəfdən İsrail ordusundan verilən açıqlamada Livandan bir neçə hücumun ardından Livanın cənubundakı Teyrharfa bölgəsindəki Hizbullah hədəflərinin döyüş təyyarələri ilə vurulduğu bildirilib. Açıqlamada Hizbullahın Livanın Merkaba, Ayta əş-Şaab və Mervahin qəsəbələrindəki hərbi infrastrukturlarının döyüş təyyarələri ilə hədəfə alındığı qeyd edilib.

Dünən İsrail ordusuna aid döyüş təyyarələri Livanın cənubundakı Hanin qəsəbəsində 2 mərtəbəli binaya hava hücumu təşkil edib və hücumda 1 qadın və 1 uşaq ölüb, 6 mülki şəxs yaralanıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ