Trampın Yaxın Şərq planı: Müharibədən sonra regionda nələr olacaq?


ABŞ Prezidenti Donald Trampın İranla müharibədən sonra Yaxın Şərqdə yeni nizam yaratmaq üçün genişmiqyaslı yol xəritəsi hazırlatdığı iddia olunur.

Turkustan.az xəbər verir ki, “Axios”un məlumatına görə, Tramp administrasiyası regionda yeni siyasi düzənin formalaşdırılmasına yönəlmiş plan üzərində işləyir. Hələ layihə mərhələsində olan sənədin Trampın prezidentlik müddətinin son iki ilində ABŞ-ın Yaxın Şərq siyasətinin əsas istiqamətlərini müəyyənləşdirməsi nəzərdə tutulur.

Məlumata görə, İranla müharibənin mümkün qədər tez başa çatmasını istəyən Tramp son həftələrdə yüksək vəzifəli müşavirlərlə bu məsələ ilə bağlı iki görüş keçirib. Qapalı müzakirələr zamanı prezidentin müharibədən sonrakı Yaxın Şərq üçün “daha böyük bir şey” hazırladığını bildirdiyi qeyd olunur.

Planın üç əsas istiqaməti əhatə etdiyi bildirilir. Birinci istiqamət İranın regional təsirini məhdudlaşdırmaq məqsədilə ABŞ-ın təhlükəsizlik zəmanəti altında müttəfiq ölkələr arasında ittifaq yaradılmasıdır.

İkinci istiqamət 7 oktyabr 2023-cü ildən etibarən regionda dərinləşən böhranların həllinə, o cümlədən Qəzza, Suriya və Livandakı vəziyyətin sabitləşdirilməsinə yönəlib.

Üçüncü istiqamət isə İbrahim Sazişlərinin genişləndirilməsi və Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşdırılması barədə razılaşmanın əldə olunmasıdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ