Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) bildirib ki, əsasən Rohingya müsəlmanlarını daşıyan iki qayıq Myanma sahillərində batıb.
Turkustan.az xəbər verir ki, ilkin məlumata görə, qayıqlarda 500-dən çox insan olub.
İllərdir Myanmadakı Rohingya müsəlmanları zorakılıq, təqiblər və ağır həyat şəraiti səbəbindən təhlükəsiz bölgələrə üz tutmağa çalışırlar. Onlar bu məqsədlə təhlükəli dəniz marşrutlarından istifadə edir, lakin bu cür səfərlər tez-tez faciə ilə nəticələnir.
BMT QAK-ın yaydığı bəyanatda deyilir: "Gəmidə 500-dən çox insanın olduğu təxmin edilir. Biz və Beynəlxalq Miqrasiya Təşkilatı bu xəbərdən dərin narahatıq və daha çox insanın həyatını xilas etmək üçün təcili və daha güclü səylər göstərilməsinə çağırırıq."
BMT QAK və Beynəlxalq Miqrasiya Təşkilatının birgə bəyanatında qeyd olunub ki, sərnişinlərin bir hissəsi Banqladeşdə yerləşən qaçqın düşərgələrindən yola çıxmış Rohingya qaçqınları olub.
Aytən Yaşar/ Turkustan.az