"Metsamor" yetmir? - "Rosatom" Ermənistanda daha bir AES təklif etdi


Ermənistanın enerji gələcəyi və "Metsamor" atom elektrik stansiyasının taleyi yenidən müzakirə mövzusuna çevrilib.

Turkustan.az xarici agentliklərə istinadən xəbər verir ki, Rusiyanın dövlət nüvə korporasiyası "Rosatom" Ermənistanda yeni atom elektrik stansiyasının tikintisini təklif etdiyini, lakin İrəvandan hələ cavab ala bilmədiyini açıqlayıb.

"Rosatom"un baş direktoru Aleksey Lixaçov “İzvestiya” qəzetinə müsahibəsində bildirib ki, Ermənistanın mövcud AES bağlandıqdan sonra yaranacaq enerji boşluğunu doldurmaq üçün müxtəlif variantlar təqdim olunub. Onun sözlərinə görə, söhbət həm orta güclü reaktorlardan, həm də giqavat səviyyəli böyük enerji bloklarından gedir.

Lixaçov qeyd edib ki, Moskva yalnız tikinti deyil, gələcək atom stansiyasının istismarı və biznes modelində də iştirak etməyə hazırdır. O bildirib ki, artıq enerji qalacağı halda Rusiya həmin elektrik enerjisinin bir hissəsini almağa və qonşu ölkələrə ixrac etməyə də hazırdır.

Rosatom rəhbəri xüsusilə "Metsamor" AES-in gələcəyi məsələsində qərarın artıq Ermənistan tərəfinin əlində olduğunu vurğulayıb.

“Top indi Ermənistan tərəfinin meydançasındadır. İstəməzdik ki, bu məsələ siyasi müzakirələrə, şəxsi simpatiya və antipatiyalara çevrilsin”,-deyə o, qeyd edib.

Sovet dövründə İrəvandan təxminən 30 kilometr məsafədə yerləşən Metsamor yaxınlığında inşa edilmiş AES iki enerji blokundan ibarətdir. İkinci blokun modernləşdirilməsini "Rosatom" həyata keçirib və Ermənistanın nəzarət orqanı onun fəaliyyətinə 2026-cı ilə qədər icazə verib. Hazırda stansiyanın işinin 2036-cı ilə qədər uzadılması ilə bağlı yeni qərarın imzalanacağı gözlənilir. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ